Ali təhsil müəssisəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və “Biz Bir Ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Əngəlsiz düşüncə, xoşbəxtliyin başlanğıcı” mövzusunda təlim keçirilib.
Təlimdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov qonaqları salamlayaraq, əlilliyi olan vətəndaşlarla bir araya gəlməyin onlara mənəvi dəstəyin bir nümunəsi olduğunu diqqətə çatdırıb.
“Biz Bir Ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin sədri Günay Ağazadə həssas təbəqəyə dəstək, onların problemlərinin həlli məqsədilə müxtəlif tədbirlərin həyata keçirildiyini, Naxçıvan Dövlət Universitetində tələbələrlə təşkil olunan görüşün həmin qəbildən olan vətəndaşlarımızın cəmiyyətə adaptasiyası istiqamətində müsbət nəticəsi olacağını vurğulayıb.
Tədbirdə paraolimpiyaçı, rəqqasə Fatimə Əkbərli çıxış edərək qeyd edib ki, istənilən hər hansı bir sahədə uğur qazanmaq üçün əngəl deyil. “Özümə təsəlli vermək üçün demirəm. Doğrudan da əlil arabamı o qədər çox sevirəm ki, onu özümə bir aksesuar kimi görürəm”-deyə Fatimə Əkbərli çıxışında bildirib. Həmçinin tədbirdə Fatimə Əkbərli “Əsən yellər” mahnısını səsləndirib, tələbələrin suallarını cavablandırıb.
Daha sonra çıxış edən psixoloq Nuranə Cəfərova əlilliyi olan şəxslərə psixoloji dəstək göstərilməsi istiqamətində görülən işlərdən bəhs edib, bu barədə tədbir iştirakçılarını maraqlandıran sualları cavablayıb.
Sonda təlimdə iştirak edən tələbələrə “Biz Bir Ailəyik” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi adından sertifikatlar təqdim edilib.