Dünya şöhrətli alim, professor Xəlil Kələntər Naxçıvan Dövlət Universitetində təlim keçib

Ali təhsil ocağında Beynəlxalq Təlim Aylığı çərçivəsində təşkil olunan növbəti təlimi Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində dünya şöhrətli alim, ixtiraçı, professor Xəlil Kələntər keçib. 

Universitetin strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli çıxış edərək ümumdünya miqyasında tanınan professorun elmi fəaliyyətlərindən bəhs edib. Bildirib ki, artıq bir neçə ildir Xəlil Kələntər Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edir, burada təlim və tədqiqat proseslərinə töhfə verir. Onun universitetdə apardığı elmi araşdırmalar bir sıra yüksək indeksli beynəlxalq jurnallarda, o cümlədən Yaponiyada dərc olunub. Professorun NDU əməkdaşları ilə birgə ortaq elmi məqalələri də mütəmadi olaraq çap olunur.

Sonra professor Xəlil Kələntər LCD ekranlar, mikro-reflektor və mikro-deflektorlar, dəyişdirilmiş BLU strukturu, 3D üçün eynəyin sturukturu, ikiqat səth emissiyalı arxa işıqlandırma texnologiyaları və digər innovativ displey texnologiyaları haqqında ətraflı təqdimatla çıxış edib. Həmçinin özünün patentləşdirdiyi texnologiyaları təlim iştirakçılarına izah edərək praktik tətbiqlərindən bəhs edib.

Daha sonra Naxçıvan Dövlət Universiteti adından ali təhsil ocağının elmi fəaliyyətinə verdiyi töhfələrə görə professor Xəlil Kələntərə təşəkkürnamə təqdim  edilib.

Bildirək ki, professor Xəlil Kələntər elektronika mühəndisliyi və yeni nəsil displey texnologiyaları üzrə 100-ə yaxın patentin, 130-dan artıq elmi məqalənin və 6 kitabın müəllifidir. O, ilk dəfə olaraq məişətə daxil olan LCD televizor, kompüter və mobil telefonların əsas hissəsi olan maye kristal displeylərin arxa fon işıqlarını yaradan mütəxəssis kimi tanınır. Alim 1995-ci ildən etibarən LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. İşıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələrin, mikrostrukturlu funksional optik dizaynların ilk dizayneri və istehsalçısıdır.  Elmi nailiyyətlərinə görə 2007-ci ildə LCD işıqlandırılmasında istifadə edilən optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülən professor, 2011-ci ildə "SID" konfransında “Ən yaxşı məqalə” mükafatını alıb. O, həmçinin "Journal of SID" jurnalının xüsusi buraxılışının redaktoru, SID Cəmiyyətinin proqram komitəsinin üzvü və Yaponiyada keçirilən beynəlxalq seminarların daimi iştirakçısıdır. 2016-cı ildə isə Yaponiya Maye Kristal Cəmiyyətinin “Texnoloji İnkişaf Mükafatı”na layiq görülüb. 40 ilə yaxındır Yaponiyada fəaliyyət göstərən professor Xəlil Kələntər təkcə bu ölkədə deyil, həmçinin Amerika, Asiya və Avropada elektronika və displey texnologiyaları sahəsində nüfuzlu mütəxəssis kimi tanınır. Professorun elmi göstəriciləri də yüksəkdir: h indeksi – 20, i10 indeksi – 48-dir.

Qeyd edək ki, 1-30 aprel tarixlərini əhatə edən Beynəlxalq Təlim Aylığı çərçivəsində dünyanın 6 ölkəsindən 21 təlimçi 5 əsas sahə üzrə 3 dildə 21 mövzuda təlimlər keçir. Bu təlimlərdə muxtar respublikada fəaliyyət göstərən bütün qurumların nümayəndələri də ödənişsiz olaraq iştirak edirlər.