Naxçıvan Dövlət Universitetində Revmatologiya konfransı keçirilib

   Naxçıvan Dövlət Universiteti və Azərbaycan Revamotoloqlar İctimai Birliyinin birgə təşəbbüsü ilə 18 aprel tarixində Universitet Xəstəxanasında Tibb fakültəsinin yaranmasının 25 illiyinə həsr olunan Naxçıvan Revmatologiya Konfransı keçirilib.

Konfransda universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov, Universitet Xəstəxanasının baş həkimi Elmar Rzayev, Azərbaycan Revamotoloqlar İctimai Birliyi İdarə Heyətinin üzvü, Bakı Sağlamlıq Mərkəzi Revmatologiya və sistem xəstəlikləri şöbəsinin müdiri Nərgiz Hüseynova, Azərbaycan Revamotoloqlar İctimai Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Tibb Universitetinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Şəhla Hadıyeva, muxtar respublika xəstəxanalarında fəaliyyət göstərən revmatoloqlar, Tibb fakültəsinin müəllim və tələbələri iştirak ediblər.

Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov Tibb fakültəsinin yaranması və keçdiyi inkişaf yolundan bəhs edib. Bildirib ki, Pediatriya ixtisası ilə fəaliyyətə başlayan Tibb fakültəsində hazırda demək olar ki, bütün tibb və səhiyyə istiqamətli ixtisaslar üzrə kadr hazırlığı aparılır və hazırda ölkədə tibbi kadrların hazırlanmasında önəmli rol oynayır. Elsevər Əsədov Azərbaycan Tibb Universiteti və İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı ilə qurulan səmərəli əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirildiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universiteti Xəstəxanasının baş həkimi Elmar Rzayev xəstəxananın fəaliyyətindən və tibbi kadr hazırlığındakı rolundan danışıb. Ölkədə tibb tarixində revmatologiya sahəsində ilkə imza atan Azərbaycan Revamotoloqlar İctimai Birliyinin nəzdində “Azərbaycan Revmatologiya və İltihab” jurnalının beynəlxalq indekslər tərəfindən tanınması və təsdiq edilməsini böyük uğur kimi dəyərləndirib. Elmar Rzayev keçirilən konfransın həkimlər, müəllimlər və tələbələr üçün əhəmiyyətinə diqqət çəkib.

Azərbaycan Revamotoloqlar İctimai Birliyi İdarə Heyətinin üzvü, Bakı Sağlamlıq Mərkəzinin Revmatologiya və sistem xəstəlikləri şöbəsinin müdiri Nərgiz Hüseynova “Spondiloartropatiyalar” mövzusunda geniş təqdimatla çıxış edib. İltihabi bel ağrısı, periferal spondiloartritlər, revmatoloji xəstəliklər zamanı diaqnozun qoyulması, müalicəsi və digər məsələlər haqqında məlumat verib.

Azərbaycan Revamotoloqlar İctimai Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Tibb Universitetinin tibb üzrə fəlsəfə doktoru Şəhla Hadıyeva “Revmatoid artrit” başlığı ilə əsas revmatoloji autoimmun xəstəliklər, onların səbəbləri, klinik simptomları və digər orqanlara təsiri barədə ətraflı izahlar verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.