Naxçıvan Dövlət Universitetində “Zərifə Əliyeva - qayğıkeş ana, görkəmli alim” mövzusunda dəyirmi masa keçirilib

28 aprel Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə NDU Elmi Kitabxanasında “Zərifə Əliyeva - qayğıkeş ana, görkəmli alim” mövzusunda dəyirmi masa təşkil olunub. Elmi Kitabxananın direktoru Xumar Məmmədova görkəmli oftalmoloq – alim, akademik Zərifə Əliyevanın ömür yoluna nəzər salaraq, onun Azərbaycan səhiyyəsinə və oftalmologiya elminə verdiyi dəyərli töhfələrdən danışıb. Qeyd edilib ki, Zərifə  Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olmuşdur. Zərifə xanım həm həkim, həm dəyərli şəxsiyyət, həm də ictimai xadim kimi çox böyük nüfuz qazanmış, onun taleyinə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anası kimi böyük missiya da yazılmışdır.

Sonra Tibb fakültəsinin dekanı Ənvər İbrahimov, Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, dosent Gültəkin Əliyeva, tibb üzrə fəlsəfə doktoru Etibar Bababəyli, Stomatologiya kafedrasının müdiri Rauf Cəfərov, Klinik fənlər və hərbi tibb kafedrasının dosenti Mətləb İbrahimov, Klinik fənlər və hərbi tibb kafedrasının müəllimi, Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasının müavini İlkay Əliyeva, həmçinin Tibb fakültəsinin dekan müavini Şəfiqə Süleymanova çıxış ediblər. Natiqlər Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən, humanist şəxsiyyəti və zəngin elmi irsindən bəhs edib, onun oftalmologiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən söz açıblar. Bildirilib ki, Zərifə xanım oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi  görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub və onun zəngin elmi irsi tibb sahəsində xüsusi mərhələ təşkil edir.

Tədbirdə tələbələrin də iştirakı ilə mövzu ətrafında geniş müzakirələr aparılıb, Zərifə Əliyevanın həyat yolunun gənclərə örnək olduğu diqqətə çatdırılıb.