Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Tibbi Profilaktika ixtisası üzrə VI kurs tələbələrinə Qidalanma Gigiyenasında Dövlət Sanitariya Nəzarəti fənnindən seminar məşğələ açıq dərs şəklində “Ləzzət Broyler” MMC-də tədris olunub.
Müəssisə rəhbərliyi ilə tanışlıqdan sonra, “Ləzzət Broyler” MMC haqqında tələbələrə ətraflı məlumat verilib.
Tələbələr burada müəssisənin yerləşdiyi ərazinin, istehsalat binasının ərazidə yerləşməsi üzrə orientasiyasının, istehsalat müəssisəsinin baş planının, müəssisənin sxematik təsvirinin, istehsal olunan məhsullara aid DS, TŞ və resepturasının, Gigiyenik və uyğunluq sertifikatlarının mövcudluğunun, işçilərin tibbi müayinələrdən keçməsini təsdiqləyən sənədlərin mövcudluğunun, işçilərin sanitariya-məişət otaqlarının, sanitar geyimlərlə təmin olunmasının, canlı toyuqların qəbulunun, təmizlənilməsinin, kəsiminin, hissələrə ayrılmasının, toyuq əti məhsullarının yetişdirilməsinin, qablaşdırılmasının, dondurulmasının, soyudulmasının, saxlanılmasının və daşınmasının (nəqliyyat vasitələrinə yüklənməsinin) texnoloji ardıcılıq üzrə monitorinqini aparıblar. Eyni zamanda, işçilərin sağlamlıqlarının və əmək qabiliyyətlərinin qorunması və saxlanması üçün sanitar tələblərə cavab verən əmək şəraiti, müəssisədə zərərsizləşdirmə tədbirlərinin necə və hansı metodlarla aparılması üzərində sanitar həkimin nəzarəti, xəbərdaredici və cari sanitariya nəzarətinin həyata keçirilməsi sahələrində praktiki biliklərə və vərdişlərə yiyələniblər.