NDU-da Azərbaycan Respublikası Hesablama Palatası sınaq imtahanı keçirib və Palatanın təlimləri davam edir

Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzində Azərbaycan Respublikası Hesablama Palatasının təşkil etdiyi təlim proqramında iştirak edən tələbələr üçün aralıq sınaq imtahanı və təlimlər çərçivəsində növbəti görüş baş tutub.

Sınaq imtahanı tələbələrin təlim müddətində əldə etdikləri nəzəri və praktiki bilikləri qiymətləndirmək məqsədilə təşkil olunub. İmtahan açıq tipli dörd sualdan ibarət olub və iştirakçılar cavablarını yazılı formada təqdim ediblər. Qiymətləndirmə prosesi tələbələrin tədris materialını nə dərəcədə mənimsədiyini müəyyən etmək üçün aparılıb.Təlimlərdə iştirak edən tələbələr öz bilik və bacarıqlarını yoxlamaq imkanı qazanıblar.

Daha sonra Hesablama Palatasının Səmərəlilik Auditi şöbəsinin müdir müavini, Layihələrin və Proqramların Auditi sektorunun müdiri Sənan Ağakişiyev tərəfindən "Səmərəlilik Auditi" mövzusunda əhatəli təlim keçirilib. Təlim zamanı Sənan Ağakişiyev auditin mahiyyəti, istiqamətləri, əhatə dairəsi və əhəmiyyəti barədə geniş məlumat verib. O, çıxışı zamanı səmərəlilik auditinin dövlət vəsaitlərinin düzgün idarə olunmasını, effektiv xərclənməsini və maksimum nəticə əldə edilməsini təmin etmək üçün vacib bir mexanizm olduğunu vurğulayıb. Tədbir çərçivəsində təlimçi tələbələrə real təcrübələr əsasında nümunələr təqdim edib, səmərəlilik auditinin tətbiqi ilə bağlı praktiki biliklər paylaşıb. Təlimin sonunda isə interaktiv sual-cavab sessiyası keçirilib, tələbələri maraqlandıran mövzulara dair ətraflı cavablar verilib.

Qeyd edək ki, 18 fevral 2025-ci il tarixində  Azərbaycan Respublikasının Hesablama Palatası ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, elmi-praktik əlaqələrin inkişaf etdirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübənin bölüşülməsi və digər istiqamətlərdə fəaliyyətlər nəzərdə tutulub. Bu əsasda ardıcıl olaraq  Hesablama Palatasının əməkdaşları universitetin tələbələri üçün üçün ümumilikdə 10 təlim keçib. Bu təlimlər auditoriya dərsləri, praktiki məşğələlər və seminarlar şəklində aparılaraq, tələbələrin maliyyə nəzarəti, audit prosedurları və dövlət maliyyə sisteminin idarə olunması sahəsində bilik və bacarıqlarını artırmağa yönəlib.