NDU-da Beynəlxalq təlim aylığı çərçivəsində Gaziantep Universitetinin qonaq professoru Erdal Bay təlim keçib

   Beynəlxalq təlim aylığı çərçivəsində Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzində Gaziantep Universitetinin Təhsil elmləri kafedrasının professoru Erdal Bayın iştirakı ilə təlim keçirilib. Professor “Sənaye 4.0 – İxtisaslı insan resursları tələblərinə cavab verəcək yeni təhsil sistemi” mövzusunda universitetin müəllim və tələbə heyətinə geniş təqdimatla çıxış edib.

NDU-nun strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli qonaq professorun akademik fəaliyyəti barədə məlumat verərək onun beynəlxalq elmi konfranslarda çıxışları olduğunu, bir sıra nüfuzlu jurnallarda elmi məqalələrinin dərc olunduğunu və təhsil sahəsində müxtəlif mükafatlara layiq görüldüyünü qeyd edib. O, bu cür təlimlərin universitetdə beynəlxalq təcrübənin öyrənilməsi baxımından olduqca faydalı olduğunu bildirib.

Gaziantep Universitetinin professoru Erdal Bay dördüncü sənaye inqilabı mərhələsində ixtisaslı kadrların yalnız mövcud texnologiyanı istifadə etməklə kifayətlənməyəcəyini, həm də onun dizaynı, inkişafı və istehsalında birbaşa iştirak edəcəyini vurğulayıb. Diqqətə çatdırıb ki, gələcəyin insan resursları texnologiyanın idarəsində əsas rol oynayan qüvvəyə çevrilməlidirlər.