NDU-da “Beynəlxalq Təlim Aylığı” çərçivəsində qonaq professor Qərib Müşüdov təlim keçib

“Beynəlxalq Təlim Aylığı” çərçivəsində aprelin-28-də Böyük Britanyanın Kembric şəhərində yerləşən molekulyar biologiya üzrə “Medical Research Council” laboratoriyasının professoru Qərib Müşüdov Naxçıvan Dövlət Universitetində olub. Qonaq professor Tibb fakültəsində təşkil olunan tədbirdə “Makromolekulyar kristalloqrafiya və krioyenik elektron mikroskopiyası” mövzusunda təlim keçib.

NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli professor haqqında ətraflı məlumat verib , qeyd edib ki, Qərib Müşüdov ölkə hüdudlarını adlaya bilmiş alimlərdəndir. O, bioinformatika sahəsində tanınmış mütəxəssis və Böyük Britaniyanın Kembric Universitetinə dəvət olunan ilk azərbaycanlı alimdir. Professor 60-dan çox elmi məqalənin, bir neçə kitab və toplunun müəllifi və həmmüəllifidir. Dünya şöhrətli alimin elmi işlərinə və hazırladığı proqramlara edilən istinadların sayı 20 mindən çoxdur.

Təlimdə professor Qərib Mürşüdov makromolekulyar kristalloqrafiya və krioyenik elektron mikroskopiyası sahəsində struktur analizləri üçün effektiv riyazi, statistik və hesablama alqoritmlərinin inkişaf etdirilməsi mövzusunda məruzə edib. O, həmçinin zülalların üçölçülü quruluşunun öyrənilməsi, zülal ardıcıllığı və funksional məlumatların sərbəst əldə edilə bildiyi UniProt verilənlər bazası barədə məlumat verib. Bununla yanaşı professorun çalışdığı “Medical Research Council” laboratoriyasının yaranma tarixi və bu laboratoriyanın Nobel mükafatına layiq görülən alimləri haqqında da ətraflı məlumatlar təqdim olunub.

Təlim aktuallığı və məlumatlılığı ilə yadda qalıb, tələbələr onları maraqlandıran suallar ünvanlayıb . Müzakirələrlə davam edən təlimdə professor suallara əhatəli cavablar  verərək bir çox elmi bilgiləri iştirakçılar ilə paylaşıb, onun tədqiqatları müəllim-tələbə heyəti üçün maraqlı və zəngin mənbə rolunu oynayıb.