Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Böyük Britaniyanın Kembric şəhərində yerləşən molekulyar biologiya üzrə “Medical Research Council” laboratoriyasının professoru Qərib Müşüdov son təlimini keçib. Tədbirdə Tibb, Fizika-riyaziyyat və Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli “Beynəlxalq Təlim Aylığı” proqramının əhəmiyyətindən danışıb. O bildirib ki, proqram çərçivəsində ABŞ, Yaponiya, Böyük Britaniya, Türkiyə, Hollandiya və Özbəkistan da daxil olmaqla 6 fərqli ölkədən 21 təlimçi Naxçıvan Dövlət Universitetində müxtəlif sahələr üzrə təlimlər keçib. Bu beynəlxalq təlimlər həm müəllimlər, həm də tələbələr üçün yeni bilik və yanaşmaların qazanılmasında mühüm rol oynayıb.
Son təlimin çıxışçısı, professor Qərib Mürşüdov əvvəlcə öz elmi fəaliyyəti və beynəlxalq təcrübəsi barədə iştirakçılara ətraflı məlumat verib. O, molekulyar biologiya sahəsində apardığı tədqiqatlardan, dünya elmi ictimaiyyətindəki mövqeyindən və əldə etdiyi nailiyyətlərdən söz açıb. Professor tələbələrə uğur qazanmağın yolları, qlobal miqyasda tanınan ekspert olmaq üçün hansı keyfiyyətlərin vacib olduğunu vurğulayıb. O, qeyd edib ki, daim öyrənmək, əməksevərlik, elmi maraq və beynəlxalq əlaqələr qurmaq müasir alim və mütəxəssisin əsas silahıdır.
Tədbirin sonunda iştirakçıların çoxsaylı suallarını cavablandıran alim, gənclərə tövsiyələr verib və onların elmi maraqlarını dəstəkləyəcəyini bildirib.