Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlimlərin təşkili və koordinasiya şöbəsinin müdiri Elvira Sadıqova tərəfindən təlim keçirilib. Təlim “Fərdi karyera planlama” mövzusunu əhatə edib. Tədbirdə NDU-nun Tədris departamentinin direktoru Şahin Əliyev, İqtisadiyyat fakültəsinin müəllim və tələbələri iştirak ediblər.
Tədris departamentinin direktoru Şahin Əliyev çıxış edərək universitetin Milli Observatoriya ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Bildirib ki, memorandum çərçivəsində birgə layihələrin, təlimlərin həyata keçirilməsi planlaşdırılır. O, təlimlərin məqsədinin tələbələrin əmək bazarına uyğun formalaşmasına dəstək və töhfə vermək olduğunu vurğulayıb.
Təlimçi Elvira Sadıqova təqdimatla çıxış edərək “Fərdi karyera planlaması” mövzusunda ətraflı məlumat verib. O, karyera anlayışının yalnız peşə seçimi ilə məhdudlaşmadığını, həyat tərzi, dəyərlər və fərdi məqsədlərlə sıx bağlı olduğunu qeyd edib. Təlim zamanı tələbələrə fərdi bacarıqlarını necə kəşf etməli, hədəflərini necə düzgün müəyyənləşdirməli və bu istiqamətdə hansı addımlar atmalı olduqları barədə praktiki məsləhətlər verilib. Eyni zamanda iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb.