NDU-da “Molla Nəsrəddin jurnalında müqəddəs Vətən idealı” mövzusunda dəyirmi masa keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin Tarix-filologiya fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə “Molla Nəsrəddin” jurnalında vətənpərvərlik ideyaları mövzusuna həsr olunan dəyirmi masa təşkil edilib.

Elmi Kitabxananın direktoru Xumar Məmmədova bildirib ki, kitabxanada Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr edilən “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid cildləri saxlanılır və bu nəşrlər tələbələr üçün dəyərli elmi mənbədir.

Universitetin filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli jurnalın milli oyanış və maarifçilik missiyasını vurğulayaraq, Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə nəşr edilən bu jurnalın Azərbaycan xalqının milli kimliyinin formalaşmasına və vətənpərvərlik duyğularının güclənməsinə böyük töhfə verdiyini qeyd edib. İman Cəfərli  “Molla Nəsrəddin” jurnalının təkcə dövrünün ictimai-siyasi problemlərini tənqid etmədiyini, eyni zamanda, Vətənə bağlılıq və milli dəyərlərin qorunması ideyalarını da aşıladığını diqqətə çatdırıb. Onun sözlərinə görə, jurnalın satirik dili və cəsarətli tənqidləri xalqın sosial-siyasi şüurunu oyatmaq, ədalətsizliklərə qarşı mübarizəyə ruhlandırmaq məqsədi daşıyırdı.

Tədbir müzakirələr və “Molla Nəsrəddin-119” adlı sərgiyə baxış ilə yekunlaşıb.