Ali təhsil ocağının Xarici dillər fakültəsində “Roman-german dilləri” kafedrasının baş müəllimi Kövsər Abbasovanın 75 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək yubilyarın elmi-pedaqoji fəaliyyətindən bəhs edib. Rektor Kövsər Abbasovanın uzun illər ərzində universitetdə alman dili fənninin tədrisinə verdiyi töhfələri və tələbələrin dil biliklərinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Daha sonra Elbrus İsayev yubilyara elmi-pedaqoji fəaliyyətinə görə fəxri fərman təqdim edib.
Universitetin xarici dillər fakültəsinin dekanı Yasin Babazadə, “Roman-german dilləri” kafedrasının müdiri Məhsəti Əsgərova, kafedranın dosenti Əli Allahverdiyev və digər çıxışçılar yubilyarın pedaqoji fəaliyyəti və mənəvi keyfiyyətləri haqqında fikirlərini bölüşüblər. Natiqlər Kövsər Abbasovanın tələbələrə yüksək səviyyədə bilik verməklə yanaşı, onların xarici dil bacarıqlarının inkişafına xüsusi diqqət yetirdiyini qeyd ediblər. Eləcə də, tələbələr də çıxış edərək Kövsər Abbasovanın onlara qazandırdığı bilik və bacarıqlardan, mehriban və qayğıkeş münasibətindən danışıblar.
Sonra Kövsər Abbasovanın tələbəsi Xəzər Bayramov Almaniyanın Frayberq şəhərindən alman dilində öz təbriklərini çatdırıb.
Tədbirin sonunda yubilyarın xoş xatirələrindən ibarət videoçarx izlənilib.