NDU-da Orta Doğu Teknik Universitetinin rektor müşaviri Adem Kalınlı təlim keçib

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Təlim Aylığı çərçivəsində təlimlər davam edir. Növbəti təlimdə qonaq professor Orta Doğu Teknik Universitetinin rektor müşaviri, professor Adem Kalınlı “Akademik məlumat idarəetmə sistemi və verilənlərin qiymətləndirilməsi sistemləri” mövzusunda geniş təqdimatla çıxış edib. Təlim Beynəlxalq münasibətlər və hüquq fakültəsində baş tutub.

NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli bildirilib ki, professorun əsas elmi istiqamətləri süni intellekt və kompüter elmləridir. O, 6 beynəlxalq layihənin rəhbəri olub, 200-dən çox elmi məqaləsi nüfuzlu jurnallarda dərc olunub. Həmçinin qeyd edib ki, professor Adem Kalınlı AVESİS (Akademik Verilənlərin İdarə Edilməsi Sistemi) və APSİS (Akademik Performansın Sistemli İzlənməsi Sistemi) proqram təminatlarının yaradıcılarındandır və bu sahədə mühüm texnoloji yeniliklərə imza atıb.

Rektor müşaviri, professor Adem Kalınlı AVESİS VƏ APSİS tətbiqinin xüsusiyyətləri, texniki aspektləri haqqında bəhs edib. O, AVESİS-in akademiklərin məlumat əldə edə və dəyişə biləcəyi müstəqil platforma olduğunu vurğulayıb. AVESİS-in sadəcə şəxsi internet saytı kimi qəbul edilməməsi lazım olduğunu vurğulayan professor, bölmə rəhbərlərinin AVESİS vasitəsilə Akademik Performans Nəticəsi ilə bölmədəki tədqiqatçıların fəaliyyətini təhlil edə biləcəyini bildirib. APSİS isə universitetin professor-müəllim heyətinin illik elmi və akademik fəaliyyətlərinin obyektiv qiymətləndirilməsini təmin edən sistemdir.

Təlim sual-cavab və müzakirələrlə davam edib.

Daha sonra Naxçıvan Dövlət Universiteti adından elmi fəaliyyətə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrə görə rektor müşaviri Adem Kalınlıya təşəkkürnamə təqdim edilib.