Naxçıvan Dövlət Universitetində Beynəlxalq Təlim Aylığı çərçivəsində təlimlər davam edir.
Universitetin qonaq professorları təlimlər və dərslərdə nəzəri və praktiki nümunələr əsasında iştirakçılara geniş məlumatlar çatdırır.
Növbəti ustad dərs Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “Pedaqogika və psixologiya” kafedrasında Türkiyənin Qaziantep Universitetinin Təhsil faklütəsinin professoru Erdal Bay tərəfindən keçirilib.
Pedaqoji fakültənin dekanı Vəli Əliyev fakültə haqqında məlumat verib və nüfuzlu universitetlərdən dəvət olunan xarici professorların universitetdə təlimlər keçməsini müəllim və tələbələrin peşəkar inkişafına mühüm töhfə olduğunu bildirib.
”Pedaqogika və psixologiya” kafedrasının müdiri Taleh Xəlilov qonaq professor Erdal Bayı tələbələrə təqdim edib və onun akademik fəaliyyəti barədə məlumat verib.
Professor Erdal Bay təhsildə istifadə olunan VR eynəyin əhəmiyyəti və proqram təminatı barədə geniş məlumatı nəzəri və praktiki olaraq diqqətə çatdırıb. Müəllim və tələbələrin iştirakı ilə VR eynəkdən istifadə qaydalarını nümayiş etdirib.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda qonaq professora kafedra adından xatirə hədiyyəsi təqdim olunub.