NDU-da XI siniflər üçün ödənişsiz sınaq imtahanı keçirilib  

Aprelin 26-da Naxçıvan Dövlət Universitetində XI siniflər üçün ödənişsiz əsaslarla ali məktəblərə qəbul imtahanının II mərhələsinin blok fənləri üzrə monitorinq qiymətləndirmə imtahanı keçirilib.

İmtahan Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında imzalanan Əməkdaşlıq Memorandumu əsasında təşkil olunub.

İmtahan Naxçıvan Muxtar Respublikasının bütün orta ümumtəhsil məktəblərinin XI sinif şagirdlərini əhatə edib. Abituriyentlərə real imtahan şəraitində biliklərini yoxlamaq və gələcək imtahanlara daha hazırlıqlı olmaq imkanı yaradılıb.

Öncə abituriyentlər Naxçıvan Dövlət Universiteti kampusunu gəzərək, fakültələrlə tanış olublar. Fakültə rəhbərləri şagirdlərə ali təhsil müəssisəsindəki tədris prosesi və maddi texniki baza ilə bağlı ətraflı məlumatlar verib.

Monitorinq qiymətləndirmə imtahanında Naxçıvan şəhərindən, Babək, Culfa, Kəngərli, Ordubad, Şahbuz, Sədərək və Şərur rayonlarından I qrup üzrə 565, II qrup üzrə 924, III qrup üzrə 852 və IV qrup üzrə 142 nəfər olmaqla ümumilikdə 2483 abituriyent iştirak ediblər.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində abituriyentlərin imtahanlara səmərəli hazırlığı və öz potensiallarını düzgün şəkildə qiymətləndirməsi, həmçinin biliklərini öyrənmə mühitini təmin etmək məqsədilə universitetin 7 binasında sınaq imtahanı təşkil edilib. 129 imtahan zalına universitet əməkdaşlarının iştirakı ilə 21 imtahan rəhbəri cəlb olunub. Eyni zamanda tələbələr sırasından könüllülər də daxil olmaqla, ümumilikdə 185 nəfər imtahan nəzarətçisi prosesi izləyib. İmtahan suallarının hazırlanması isə “İstedad-XXI əsr” kursu tərəfindən təşkil olunub.