NDU-nun Beynəlxalq Məktəbində yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin təlimi keçirilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində  yazıçı, filologiya üzrə fəlsəfə doktoru, Hədəf Liseyinin direktoru  Şəmil Sadiqin təlimi baş tutub. Təlimdə universitetin pedoqoji ixtisasları tədris edən müəllimləri və bu ixtisaslarda təhsil alan sonuncu kurs tələbələri iştirak ediblər.

Universitetin Tədris Departamentinin direktoru Şahin Əliyev Hədəf Liseyinin direktoru Şəmil Sadiq haqqında geniş məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində dünyaya gələn Şəmil Sadiqin uğurlu təhsil və iş fəaliyyətindəki  təcrübələri tələbələr üçün nümunədir. Şahin Əliyev qeyd edib ki, müxtəlif illərdə fərqli müsabiqələrdə “İlin ən yaxşı müəllimi” seçilən, bir çox  elmi-metodik, bədii kitabın, elmi məqalənin müəllifi olan yazıçının auditoriya qarşısında təlimi tələbələr üçün böyük fürsətdir.

Şəmil Sadiq çıxış  edərək  təhsil və iş həyatında uğur qazanmağın yollarından, müasir dövrün tələblərinə uyğun bilik və bacarıqların əhəmiyyətindən bəhs edib, tələbələri daim öyrənməyə, yeni çağırışlara hazır olmağa və peşəkar inkişaflarını davam etdirməyə təşviq edib. Eyni zamaanda təlimçi “HƏDƏFDƏ STEM və ya peşəyönümlü təhsil”, “Korporativ mədəniyyət” adlı təqdimatlarında təhsil yönümlü müxtəlif başlıqlı məlumatlara diqqət çəkib. Tələbələrə müəllimlik peşəsi və şəxsi inkişaf barədə tövsiyyələrini bölüşən Şəmil Sadiq karyera planlaması necə aparılmalı, korporativ ünsiyyət,  uğurlu və düzgün CV hazırlama qaydaları və bir çox gərəkli bilgilər barədə məlumatları qeyd edib.

Görüş interaktiv formada keçib və tələbələr öz suallarını ünvanlayaraq, Şəmil Sadiqin şəxsi və peşəkar təcrübəsindən faydalana biliblər.