NDU-nun dosenti İman Cəfərovun yubileyi və kitab təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərovun 60 illik yubileyi və müəllifi olduğu “Molla Nəsrəddin jurnalı və Şərq ədəbiyyatı” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Tədbiri universitetin rektoru Elbrus İsayev açaraq dosent İman Cəfərovun həm tədris, həm də idarəetmə sahəsindəki çoxillik səmərəli fəaliyyətindən danışıb. Bildirib ki, İman Cəfərov Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği istiqamətində mühüm araşdırmalar aparıb, gənc nəsil üçün dəyərli elmi irs təqdim edib. Rektor qeyd edib ki, “Molla Nəsrəddin jurnalı və Şərq ədəbiyyatı” adlı monoqrafiya milli mətbuat tariximizin və Şərq ədəbi düşüncəsinin dərindən anlaşılmasına töhfə verir. Daha sonra Elbrus İsayev 60 yaşını qeyd edən İman Cəfərova elmi-pedaqoji fəaliyyətinə görə təşəkkürnamə təqdim edib.

Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov kitabın məzmununa toxunaraq vurğulayıb ki, əsərdə Molla Nəsrəddin ədəbi cəbhəsinin nümayəndələrinin orta əsrlər Şərq ədəbiyyatına münasibəti, habelə qüdrətli qələm sahiblərinin yaradıcılığını xatırladan materiallar yer alır. Nicat Yaqubov dosent İman Cəfərovu yeni kitabı və yubileyi münasibətilə təbrik edib, ona gələcək elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayıb.

Universitetin Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov, “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri Şəhla Şirəliyeva və filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova dosentin elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, yeni nəşrin Azərbaycan ədəbiyyatşünaslığı sahəsində dəyərli mənbə olduğunu vurğulayıblar. Natiqlər  yubilyarı təbrik edərək ona xatirə hədiyyələri təqdim ediblər.

Universitetin Tarix-filologiya fakültəsinin tələbələri yubilyarın qələmə aldığı “Uşaq ömrüm”, “Qorx”, “Səndən ötrü”, “Yuxu” və “Vaqif Məmmədova” adlı şeirlərini səsləndiriblər.

Sonda dosent İman Cəfərov göstərilən diqqətə görə universitetin rektoru Elbrus İsayevə və müəllim yoldaşlarına təşəkkürünü bildirib.