NDU-nun dosenti Əli Tahirovun 60 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində “Baytarlıq təbabəti” kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin rəhbər heyəti, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər.

Universitetin rektoru Elbrus İsayev yubilyarı təbrik edərək onun Naxçıvan Dövlət Universitetindəki uzunmüddətli elmi-pedaqoji fəaliyyətindən bəhs edib. Rektor çıxışında vurğulayıb ki, Əli Tahirov baytarlıq sahəsində ixtisaslı kadrların hazırlanmasında, elmi tədqiqatların genişləndirilməsində və gənc nəslin formalaşdırılmasında mühüm rol oynayıb. Bildirib ki, yubilyar pedaqoji fəaliyyəti, elmi nailiyyətləri, yüksək insani keyfiyyətləri ilə universitet kollektivinin hörmətini qazanıb.  Daha sonra Elbrus İsayev yubilyara təbriklərini çatdırıb və səmərəli fəaliyyətinə görə fəxri fərman təqdim edib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, universitetin professoru Hacıfəxrəddin Səfərli, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan əvəzi Bəhruz Məmmədov, Baytarlıq təbabəti   kafedrasının müdiri  Mahir Məhərrəmov, eləcə də kafedranın müəllimləri  Kafkaz Universitetinin professoru İsa Özaydın və baytarlıq üzrə fəlsəfə doktoru, dosent Yunis Rüstəmli, Tarix-filologiya fakültəsinin dekan müavini Qadir Əkbərov, Botanika  kafedrasının   dosenti Akif Mərdanlı və Naxçıvan Dövlət Universitetinin Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış ediblər. Natiqlər Əli Tahirovun peşəkar pedaqoji fəaliyyəti, universitetdəki çoxillik xidmətləri və yüksək şəxsi keyfiyyətləri barədə fikirlərini bölüşüblər. Yubilyarın həm tələbələr, həm də kollektiv arasında yüksək nüfuz qazandığını, elmi-tədqiqat işlərinə verdiyi töhfələrin diqqətəlayiq olduğu vurğulayıblar.

Sonda dosent Əli Tahirov göstərilən diqqətə görə universitetin rektoru Elbrus İsayevə və müəllim yoldaşlarına təşəkkürünü bildirib.