NDU-nun Elmi Kitabxanasında  “Bəxtiyar Vahabzadə – 100” mövzusunda dəyirmi masa keçirilib

Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti tərəfindən Xalq şairi, millət sevdalısı, böyük söz ustadı, Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan dəyirmi masa təşkil olunub. 

NDU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə  çıxış edərək “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin  21 fevral 2025-ci il tarixli Sərəncamını diqqətə çatdırıb.

NDU Elmi Kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından söz açıb. Bildirib ki,  böyük söz ustadının yaradıcılığında azadlıq ruhunun, insan və cəmiyyət problemlərinin, böyük mənəvi dəyərlərin özünəməxsus şəkildə əks olunması şairin yüksək istedadından xəbər verir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov şairin türkçülük ideologiyasını, millətçilik və vətənpərvərlik ruhunu, əsərlərindəki milli oyanışı, tarixi həqiqətləri və xalq sevgisi barədə məlumatlara diqqət çəkib  və təhlil edib. Dosent Ramiz Qasımov “Gülüstan”, “İstiqlal” kimi çoxsaylı əsərlərin xalqımızın yaddaşına silinməz iz saldığını qeyd edib.

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sevda Kərimova Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini bölüşüb, onun əsərlərini pedaqoji, mənəvi-əxlaqi və ictimai aspektdən təhlil edib. Dosent Sevda Kərimova şairin yaradıcılığının bugünkü gəncliyə nümunə olduğunu, onun şeirlərində ədalətə, haqqa, milli ruhun yaşadılması yönündə  çağırışlarını iştirakçıların nəzərinə çatdırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, şairin şeirləri bədii qiraət olunub.