Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb Naxçıvan Dövlət Universitetini seçən 30-a yaxın abituriyentlə görüş keçirib. Rektor görüşdə yüksək nəticə göstərən abituriyentləri təbrik edib, ixtisas və ali təhsil müəssisəsi seçimində doğru qərarın önəmini vurğulayıb.
Rektor ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan NDU-da tələbəyönümlü təhsil proqramı və müasir tədris texnologiyalarının tətbiqindən bəhs edib. Xarici universitetlərlə əməkdaşlıq, ikili diplom və beynəlxalq mobillik proqramları, ingilisdilli ixtisasların tədrisi ilə bağlı tələbələrə təklif olunan imkanların təhsil həyatında yaratdığı geniş fürəstlərdən danışıb. Eyni zamanda 2024-2025-ci tədris ilində universitet tərəfindən xüsusi təqaüd proqramı tətbiq edilərək 600-649 arası bal toplayan tələbələrə 1 il ərzində 200 manat, 650-dən yüksək bal toplayanlara isə 1 il ərzində 250 manat təqaüd verildiyi diqqətə çatdırılıb.
Elbrus İsayev perspektivdə reallaşacaq layihələrdən söz açıb və Dövlət Proqramına əsasən Universitetin nəzdində tibb kampusunun istifadəyə verilməsi və Texnopark layihəsinin icrası haqqında məlumatları qeyd edib. Rektor qarşıdakı tədris ilində gözlənilən yeniliklərdən bəhs edərək, bildirib ki, sentyabr ayında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə NDU-da İnnovasiyalar Mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Həmçinin, irəlidə qabaqcıl kibertəhlükəsizlik şirkəti olan “Codelandia” Tədris Mərkəzi ilə gözlənilən əməkdaşlıq və bu işbirliyinin informasiya texnologiyaları sahəsində beynəlxalq standartlara uyğun ixtisaslı kadr hazırlığındakı gözləntilər vurğulanıb.
Sonda rektor Elbrus İsayev yüksək bal toplayan abituriyentlərə müvəffəqiyyətlər arzulayıb, hədiyyələr təqdim edib və görüşdən xatirə fotosu çəkdirilib. Görüş çərçivəsində abituriyentlər fakültələrlə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.