Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan şəhər Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdləri ilə görüş keçirilib. Görüş məktəblilərin universitetin elmi mühiti və kitabxana imkanları ilə yaxından tanış olması mahiyyəti daşıyıb.
Görüş zamanı Elmi Kitabxananın direktoru Xumar Məmmədova şagirdlərə kitabxananın fəaliyyəti, mövcud fondlar və beynəlxalq elmi bazalara çıxış imkanları barədə məlumat verib. Bildirilib ki, Elmi Kitabxana yalnız tələbələr üçün deyil, elmi marağı olan məktəblilər üçün də açıqdır və onların biliklərini genişləndirməsinə geniş imkanlar təklif edir.
Daha sonra direktor müavini Aysu Rəsulzadə şagirdləri elektron köşk, kitabların elektronlaşması, kitab fondları, tədbir zalı və sərgi guşələri ilə tanış edib.
Nəzərinizə çatdıraq ki, bu təşəbbüs Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında həyata keçirilir. Məqsəd müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılmasına hədəflənib. Eyni zamanda muxtar respublika ümumtəhsil məktəblərində infosessiyaların keçirilməsi, müxtəlif olimpiadaların birgə təşkili, istedadlı şagirdlərin elmi-tədqiqat işlərinə cəlbi, NDU-nun elmi kitabxanası ilə tanışılıq və təcrübə mübadiləsi, sonuncu kurs tələbələri ilə görüşlərin təşkili, tələbə könüllülərinin dəstəyinin təmin edilməsi də bu yöndə planlaşdırılan tədbirlərdəndir.