NDU-da “Beynəlxalq Təlim Aylığı” proqramının növbəti təlimi keçirilib

     Ali təhsil ocağının Tibb fakültəsində təşkil olunan tədbirdə Erciyes Universitetinin “Farmakologiya” kafedrasının dosenti Gökhan Ünal universitetin professor-müəllim heyəti və tələbələri üçün “Nevropsixoloji farmakologiyada yeni müalicə üsulları” mövzusunda geniş təqdimatla çıxış edib.

Təlimdə dosent Gökhan Ünal nevropsixoloji pozuntular, o cümlədən alzheimer, depressiya və şizofreniyanın müalicəsində tətbiq edilən yeni yanaşmalar haqqında ətraflı məlumat verib. O, bu xəstəliklərin patofiziologiyasını izah edərək, müasir farmakoloji tədqiqatların nəticələrinə əsaslanan müalicə metodlarını diqqətə çatdırıb. Təqdimat zamanı dərman vasitələrinin beynin neyron şəbəkəsinə təsiri, psixiatrik pozuntuların genetik və biokimyəvi əsasları, eləcə də innovativ terapiya strategiyaları müzakirə olunub. Təlimçi yeni dərman preparatlarının tədqiqi və klinik sınaqlarla bağlı əldə olunan nəticələri auditoriya ilə bölüşərək, gələcəkdə nevropsixoloji xəstəliklərin daha effektiv müalicəsi üçün mümkün perspektivlərə toxunub.

Tədbirin sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, müzakirələr aparılıb.

Qeyd edək ki, “Beynəlxalq Təlim Aylığı” proqramı 5 əsas sahə üzrə 21 mövzuda təşkil olunub. Proqram 1-30 aprel tarixlərini əhatə edir. Ay ərzində Beynəlxalq sertifikatlı təlim keçirmək hüququna malik mütəxəssislər tərəfindən sertifikatlı təlimlər veriləcək. Həmçinin muxtar respublikada fəaliyyət göstərən bütün qurumların nümayəndələri də ödənişsiz olaraq təlimlərdə iştirak edə biləcəklər.