Dəyərli incəsənət xadimləri Naxçıvan Dövlət Universitetində olublar

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, Əməkdar artist, Populyar Caz və ifaçılıq kafedrasının müdiri Emil Əfrasiyab və rektorun müşaviri Riad Quliyev Naxçıvan Dövlət Universitetində olublar. İncəsənət fakültəsində keçirilən tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb. Bildirilib ki, Azərbaycan Milli Konservatoriyası ilə Naxçıvan Dövlət Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən Siyavuş Kərimi bu gün bizimlədir. Rektor iki universitet arasında bağlanmış müqaviləyə əsasən xalq artisti Siyavuş Kərimi və rəhbərlik etdiyi heyətin çox qısa zaman ərzində NDU üçün çox böyük dəstək göstərdiyini qeyd edib.

İki gün davam edən görüşdə Siyavuş Kərimi Konservatoriyanın Simfonik Orkestrinin və Opera studiyasının hazırladığı konsert proqramını dinləyib, edilən ifalar əsasında müzakirələr aparılıb. Qurulan əməkdaşlıqlar kağız üzərində yox, real icrası ilə yadda qalmalıdır–deyən Xalq artisti vurğulayıb ki, gələcəkdə də bu istiqamətdə NDU üçün hər cür köməyə hazırıq.

Əməkdar artist, Populyar Caz və ifaçılıq kafedrasının müdiri Emil Əfrasiyabın fortepianoda ifası dinləyicilərin zövqünü oxşayıb.

Sonra qonaqlar İncəsənət fakültəsinin akt zalında ustad dərsi keçib, onlar hələ bir ildir fəaliyyətə başlayan caz ifaçılarını dinləyib, dəyərli tövsiyələrini çatdırıblar. “Gələcəkdə mükəmməl nəticə göstərmək istəyirsənsə, ən əsası bir işə başlamağa qərar verməlisən. Sonra hər şey öz qaydasında gedəcək” –deyə professor öz çıxışında qeyd edib.

Xalq artisti, professor Siyavuş Kərimi universitetin Musiqi kolleci, İncəsənət fakültəsinin Xalq çalğı alətləri orkestri, “Buta” instrumental ansamblının  ifalarını dinləyib, öz məsləhət və tövsiyyələrini çatdırıb.