Naxçıvan Dövlət Universiteti ilə AMEA-nın Tarix və Etnologiya İnstitutu arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub

Bu məqsədlə ali təhsil ocağında keçirilən onlayn görüşdə Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş direktoru, professor Kərim Şükürov çıxış edərək rəhbərlik etdiyi institutun tarixi, fəaliyyət istiqamətləri, strukturu barədə məlumat verib. Professor əsas elmi istiqamət haqqında danışaraq ali təhsil ocağı ilə qurulacaq elmi əməkdaşlıq fəaliyyəti barədə mühüm məqamlara toxunub.

Universitetin rektoru Elbrus İsayev təhsilin bütün səviyyələrində institutun alimlərinə, araşdırmaçılarına ciddi ehtiyacın olduğunu bildirib. Rektor vurğulayıb ki, Naxçıvanın Azərbaycan tarixşünaslığının mühüm mərhələsini tutduğunu nəzərə alsaq universitetin də bu istiqamətdə aparacağı elmi-tədqiqatların əhəmiyyətinə diqqəti çəkmək lazımdır.

Tədbirdə gələcəkdə institut arasında birgə elmi tədqiqatların aparılması, elmi jurnalların nəşr olunması, ali təhsil ocağında institutun professorları tərəfindən modul tipli dərslərin keçirilməsi, magistr və doktorantların hazırlanmasında institutun imkanlarından istifadə olunması, birgə konfranslar, dəyirmi masalar, diskussiyalar və digər elmi tədbirdlərdə iştirak məsələləri müzakirə edilib. Görüşdə həmçinin diqqətə çatdırılıb ki, ali təhsil ocağının Elmi kitabxanasında mövcud olan proqram təminatı əsasında institutun kitabxanasının elektron bazasından istifadə edərək, elmi ədəbiyyatlara əlçatanlılığı da təmin etmək olar.

Sonra İnstitutun şöbə müdirləri də birgə əməkdaşlıq barədə öz fikirlərini çatdırıb, hər cür dəstəyə hazır olduqlarını ifadə ediblər.

Elbrus İsayev sonda onu da əlavə edib ki, qurulacaq elmi əməkdaşlıq üçün ali təhsil ocağında birgə fəaliyyət göstərəcək kafedra və bu istiqamətdə məsul olan şəxslər müəyyənləşdiriləcək, aparılan müzakirələr sizin sayənizdə qısa zamanda həyata keçiriləcək.