Naxçıvan Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə festivalı keçirilib

Əvvəlcə Öncə Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.

Bu məqsədlə Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qonaqları salamlayıb ədəbiyyat və incəsətin birgə vəhdətindən ərsəyə gələn tədbiri yüksək qiymətləndirib. Qeyd edilib ki, İncəsənət fakültəsindən fərqli olaraq bugünkü tədbirdə digər ixtisaslarda təhsil alan tələbələr iştirak edirlər. Prorektor bədii yaradıcılıqların qiymətləndirilməsi baxımından tədbirin xüsusi əhəmiyyətə malik olduğunu bildirib

Tədbirdə onlarla istedadlı tələbə musiqi, bədii qiraət və rəqqaslıq üzrə öz bacarıqlarını nümayiş etdiriblər. İstedadlı tələbələrin müəyyən edilməsi münsiflər heyətinin üzvləri Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri Baba Vəziroğlu, Hafiz Quliyev və Azərbyacan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli tərəfindən həyata keçirilib.

Müsabiqənin sonunda münsiflər heyəti öz təklif və tövsiyyələrini verdikdən sonra tələbələrə uğurlar arzulayıblar. Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək.

Sonra universitetin Elmi kitabxanasında Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş olub. Görüşdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev nasir, şair, tərcüməçi, kinodramaturq 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Baba Vəziroğlu haqda danışıb. Bugünkü görüşün hər kəs üçün xoş təəssürat oyatdığına əminlik ifadə olunub.

          Tədbir diskussiya formatında davam etdirilib. Müəllim və tələbələr Baba Vəziroğluna müxtəlif istiqamətlərdə maraqlı suallar ünvanlayıblar. Şairin öz şeirlərini bədii qiraət etməsini iştirakçılar həvəslə dinləyiblər.

Universitetin İncəsənət fakültəsində “Aktyor sənəti”, “Solo oxuma” ixtisaslarında təhsil alan tələbələr və “Tələbə teatr studiyası”nın üzvləri ilə görüşən Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev Teatr, Operetta sənəti, xarici ölkələrdə azərbaycan operasının səhnəyə qoyulması haqqında iştirakçılara məlumat verib.

Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova və Azərbaycan Milli Konservatoriyasının müəllimi Arslan Növrəsli NDU Musiqi Kollecinin müvafiq ixtisaslarında təhsil alan tələbələrə ustad dərsi keçiblər. Tədbirdə tələbələrin musiqi və rəqs bacarıqları qiymətləndirilib. Milli rəqslərimiz haqda danışan dünya ölkələrində Azərbaycan incəsənətini və mədəniyyətini özünəməxsus ustalıqla və incəliklə təmsil edən Təranə Muradova tələbələrə milli geyimlərimiz barədə danışıb.