Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində “Naxçıvanda məktəb və universitetlər üçün Almaniya günü” keçirilib

Tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan və bu sahədə dünyanın ən böyük təqaüd təşkilatı sayılan Alman Akademik Mübadilə Xidmətinin, Alman Dili Tədrisi Mərkəzi Azərbaycanın və Höte İnstitutunun əməkdaşları Naxçıvan Dövlət Universitetində təlimlər keçiblər.

Bu münasibətlə keçirilən tədbirdə ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, əməkdaşlıq münasibətlərindən danışan NDU-nun strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib, keçiriləcək təlimlərin səmərəli olacağına əminliyini ifadə edib.

Sonra DAAD-ın  ADU-dakı lektoru Lisa Brandt və  AzTU–dakı lektoru Claudio Kasperl təqdimatları zamanı bildiriblər ki, Alman Akademik Mübadilə Xidmətinin əsas fəaliyyəti tələbələrin və elmi işçilərin mübadiləsi ilə Almaniyanın xarici ölkələlərlə akademik münasibətlərinin dəstəklənməsidir. Bildirilib ki, DAAD regionlarda yerləşən ali təhsil müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Əvvəlki layihələrdə təkcə alman dili ixtisaslarında oxuyan tələbələrə üstünlük verilirdisə, bugün artıq layihə çərçivəsində ingilis dilli təhsil proqramlarına da yer verilir. İl ərzində tələbələr və müəllimlər üçün müxtəlif mövzularda seminarlar və yay məktələri təşkil edən DAAD və Höte İnstitutu təqaüdlü təhsil proqramları təklif edirlər.

        Daha sonra Höte İnstitutunun əməkdaşı Florian Tack, Alman Dili Tədrisi Mərkəzi Azərbaycanın rəhbəri Zəhra Alıyeva və mərkəzin əməkdaşları Aysel Əmiraslanova, Arzu Hüseynova və Günel Əliyeva şagird və müəllimlərə  təlimlər keçiblər. Müəllimlərlə Almaniyada təhsil, mütəxəssis hazırlığı kimi mövzular müzakirə edilib.