Naxçıvan Dövlət Universitetində “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə “Müstəqilliyimizin bərpasının tarixi və hüquqi əsasları” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

Tədbiri giriş sözü ilə açan universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov qeyd edib ki, 34 il əvvəl – 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib. Müstəqillik əldə olunduqdan sonra ölkə ciddi təhlükələrlə üzləşsə də, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə müstəqilliyin qorunması və inkişafı mümkün olub. Nicat Yaqubov bildirib ki, Ümummilli Liderin irsi, siyasi kursu bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu gün “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü”nünü bütöv Azərbaycanda qürurla qeyd edirik, ən uca zirvələrdə üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Konfrans çərçivəsində mərkəzin birinci kurs magistrantlarının mövzu ətrafında məruzələri dinlənilib. Tarixin tədrisi ixtisaslaşması üzrə təhsil alan Nazlı Əliyeva isə “Əsrlərin arzusundan gerçəkliyə: Azərbaycanın müstəqilliyinin bərpası”,  Azərbaycanın yeni və ən yeni tarix ixtisaslaşması üzrə Yağmur Mahmudova “Müstəqilliyin bərpasından öncə və sonrakı dövrdə Azərbaycan Respublikasının Dövlət Quruculuğunda tarixi davamlılıq və dəyişikliklər”, Cinayət prosesi, kriminalıstika, məhkəmə ekspertizası və əməliyyat-axtarış fəaliyyəti ixtisaslaşması üzrə Sumayə Səlimzadə “Milli ruh və hüquqi sistem: 18 oktyabrın hüquqi mirası”, mövzularında çıxış ediblər.

Çıxışlarda hüquqi, tarixi və milli baxışların vəhdətində müstəqilliyin bərpasının əhəmiyyəti elmi və analitik yanaşmalarla təqdim olunub.

 

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı