NDU-da 18 oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd edilib

17 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetində 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

NDU-nun strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli əlamətdar günün tariximizdəki yeri  və mahiyyətindən söz açıb, həmçinin 17 oktyabr tarixini xatırladaraq qeyd edib ki, bu gün Füzuli rayonunun bir sıra kəndi və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edilib. Müstəqil Azərbaycanın möhkəm təməllər üzərində yeni inkişaf yolunu tutduğunu qeyd edən  Rəcəb Cəfərli vurğulayıb ki,  18 oktyabr - Müstəqilliyin Bərpası Günü Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Uzaqgörən və qətiyyətli lider İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru, dosent  Şamxal Məmmədov , tarix üzrə fəlsəfə doktoru Zamin Əliyev çıxış ediblər. Natiqlər bu il müzəffər Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasının 34 illiyini qeyd etdiyini vurğulayıb tarixə qısa nəzər salıblar. Qeyd olunub ki, 1991-ci ilin 18 oktyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycanın dövlət müstəqilliyi elan edilib. Ancaq ilk illərdə ölkəmiz xeyli çətinliklərlə üzləşib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin fədakar əməyi nəticəsində  sonrakı illərdə dövlət müstəqilliyimiz möhkəmlənib, dünya dövlətləri arasında ölkəmizin rolu və nüfuzu artıb. Ulu Öndərin  layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü daxili və xarici siyasət nəticəsində isə Azərbaycan daha da güclənib, regionun lider dövlətinə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı tarixi Zəfərimiz nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub və bu tarix təqvimdə sıradan bir tarix deyil, Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik gündür.

Tədbir ali təhsil ocağının “Memarlıq və mühəndislik” fakültəsinin tələbələrinin ifasında “Şəhidə məktub” şeir parçası, “Anacan”, “Qarabağ” adlı musiqi nömrəsi, “Vətən yolunda” səhnəciyindən ibarət bədii hissə ilə davam edib.

          Sonda “Qayıdışın səsi” adlı videoçarx nümayiş olunub.