17-19 iyun 2025-ci il tarixdə AR ETN Botanika İnstitutunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Botanika İnstitutunun və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirin açılış mərasimində bir sıra dövlət nümayəndələri, yerli və xarici (Macarıstan, Pakistan, Çin, Türkiyə, İran və b.) alimlər, mütəxəssislər iştirak edib.
Tədbiri Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva açaraq bildirib ki, konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə respublikada bitki örtüyü və meşələrin müasir vəziyyətini qiymətləndirmək, biomüxtəlifliyin saxlanılması və ekoloji tarazlığın idarə edilməsində meşələrin rolunu müəyyənləşdirməkdir. Professor Azərbaycanın meşə örtüyü haqqında məruzəsində meşələrin ümumi sahəsi, antropogen təsirlərin və iqlim dəyişmələrinin meşə ekosistemlərinə təsiri, habelə işğal dövründə törədilən yanğınlar nəticəsində Qarabağın meşə fondunun məhv edilməsi və s. problemləri vurğulayıb.
Sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutunun baş direktoru, BCAA təsisçisi və prezidenti Zhang Yuanminq, Macarıstanın HUN-REN Ekoloji Tədqiqatlar Mərkəzi Ekologiya və Botanika İnstitutunun direktoru, professor Péter Ódor, Pakistanın Quaid-i-Azam Universitetinin Bitki Elmləri şöbəsinin professoru Muhammad Zafar və b. natiqlər çıxış edərək konfransın işinə uğurlar arzulayıb.
Konfransın plenar hissəsində xarici və yerli alimlərin təqdimatında məruzələri dinlənilib, mövzular ətrafında geniş müzakirələr aparılıb. Konfransda Naxçıvan Dövlət Univetsitetinin nümayəndə heyəti iştirak edib. Plenar iclasda Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov çıxış edib.
Konfransın davamında Azərbaycan-Macarıstan komandası tərəfindən meşə tədqiqatlarına həsr olunmuş interaktiv seminar keçirilib və meşə ərazilərinə ekspedisiyalar təşkil edilib.