26–30 may tarixlərində İstanbulda keçirilən “Qastro Ləzzət Sokağı” adlı Beynəlxalq Kulinariya Yarışında Naxçıvan Dövlət Universitetinin tələbələri ölkəmizi uğurla təmsil ediblər. Dünya Aşpazlar Birliyi – WICS və Türkiyə Aşpazlar və Şirniyyatçılar Konfederasiyası – TAŞPAKON tərəfindən təşkil olunan bu nüfuzlu yarışda 16 ölkədən 11 universitet, 22 lisey və Dövlət Məşğulluq Agentliyinin AMKA-dakı kursları iştirak edib.
Universitetin “Texnologiya” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyevanın rəhbərliyi ilə yarışa qatılan heyətə üç tələbə və bir əməkdaş daxil olub. Yarışda fərqlənən tələbələrdən Gülnar Qəmbərli 3 gümüş medala, İnci Xəlilova 2 gümüş medala, Səbinə Nəcəfli 1 bürünc medal, universitetin “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasında Kabinə müdiri Yeganə Sadiqova isə 1 qızıl və 2 gümüş medala və 1-ci yer üzrə böyük kuboka layiq görülüb.
Tədbir çərçivəsində Naxçıvan Dövlət Universitetinin təşkil etdiyi Naxçıvan milli mətbəx sərgisi və əl işləri sərgisi iştirakçılar və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Universitet bu təqdimatlara görə qızıl medal əldə edib.
Yarış tələbələrin peşə bacarıqlarının inkişafı, milli mətbəximizin və mədəni dəyərlərimizin beynəlxalq platformada tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edib.