Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin kollektivi “Sağlam gənclik ,Sağlam gələcək!” layihəsi çərçivəsində Gimnaziyada olub

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim və tələbələri universitetin nəzdində fəaliyyət göstərən İngilis dili təmayüllü Gimnaziyada şagirdlərlə maarifləndirici görüş keçirib və tibbi-profilaktik müayinələr aparıblar.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universiteti Xəstəxanasının baş həkimi Elmar Rzayev bildirib ki, ənənəvi olaraq keçirilən layihədə 25 illik inkişaf tarixinə malik universitetin Tibb fakültəsinin müəllim və tələbələri təmsil olunurlar. Qeyd edib ki, şagirdlərin sağlamlığının qorunmasına xidmət edən bu təşəbbüs onların təhsilində və inkişafında əhəmiyyətli rol oynayır.

NDU nəzdindəki İngilis dili təmayüllü Gimnaziyanın direktoru Nazim Rəhimov bildirib ki, hər zaman yüksək nəticələri ilə seçilən Gimnaziyanın şagirdlərinin sağlamlığının qorunması prioritet məsələdir. Vurğulayıb ki, yatılı şagirdlərin mütəmadi tibbi müayinəsi və tibbi ləvazimatlarla təminatı istiqamətində Tibb fakültəsi və NDU Xəstəxanası daim fəal iştirak edir. Bugünkü görüş və aparılan müayinələr də bu diqqətin bariz nümunəsidir.

Universitetin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri Gültəkin Əliyeva “Sağlam gənclik, Sağlam gələcək!” layihəsi barədə məlumat verərək bildirib ki, Tibb fakültəsinin həkim, rezident və təcrübəçi tələbələri tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində mütəmadi olaraq maarifləndirici görüşlər, təqdimatlar və tibbi müayinələr keçirilir. Şagirdlərə ilkin tibbi biliklər haqqında məlumat verilir.

Stomatologiya kafedrasının müdiri Rauf Cəfərov  “Hide Dents” layihəsi haqqında məlumat verərək diş sağlamlığının insan həyatındakı əhəmiyyətinə diqqət çəkib.

Daha sonra Tibb fakültəsinin tələbələri “Məktəblinin sağlam qidalanması”, “Uşaqlarda artıq çəki və piylənmə”, “Uşaqlarda şəkərli diabet”, “Antibiotiklərin doğru istifadəsi”, “Sakit beyin-doğru cavab”, “Fiziki aktivlik” və “Uğurun formulu” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda Tibb fakültəsinin həkim və təcrübəçi tələbələri tərəfindən Gimnaziyanın şagirdlərinə tibbi-profilaktik müayinələr aparılıb. Qadınlarda reproduktiv sağlamlıq, pediatrik, stomatoloji və oftalmoloji sahələr üzrə müayinələr həyata keçirilib, şagirdlərin şikayətləri dinlənilib və onlara müvafiq tövsiyələr verilib.