Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, universitetin rəhbər heyəti, fakültə dekanları, kafedra müdirləri və tələbələr iştirak edib.
Tədbirin açılışında çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tələbələrin elmi fəaliyyətə təşviqində bu cür tədbirlərin mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, böyük elmi nailiyyətlərin təməli məhz tələbə tədqiqatları ilə qoyulur. “Bu konfransda gələcəyin böyük alimlərinin ilk addımlarının şahidi oluruq. Elmi axtarışlara maraq göstərən hər bir tələbənin inkişafı üçün dəstəyimizi əsirgəmirik”- deyə rektor əlavə edib. Elbrus İsayev bildirib ki, tələbəyönümlü fəaliyyət strategiyası çərçivəsində Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti yeni mərhələyə qədəm qoymalı, bu istiqamətdə innovativ yanaşmalar və mexanizmlər formalaşdırılmalıdır. Bu səbəbdən universitetin Elmi Şurasının qərarına əsasən tələbə tədqiqatlarının nəşri üçün iki Tələbə jurnalının çapı planlaşdırılır. Elbrus İsayev bildirib ki, bu nəşrlər tələbələrin elmi axtarışlarının nəticələrinin paylaşılması baxımından önəmli platformaya çevriləcək. Rektor eyni zamanda universitetin beynəlxalq reytinqlərdə irəliləməsi və elmi nüfuzunun artırılması istiqamətində tələbələrin akademik heyətlə birlikdə elmi proseslərə cəlb olunmasını müsbət hal kimi dəyərləndirib.
Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov universitetdə elmi-tədqiqatlar sahəsində yeniliklərlə bağlı məlumat verib. Fakültələr üzrə TEC işlərinin təşkilinə dair yeni qaydalar və seçimlər, yazılma qaydası, müzakirə qrafiki, TEC xətti ilə elmi-tədqiqat işinin qiymətləndirilmə meyarları, TEC xətti ilə yer tutmuş tələbələr üçün universitetin verdiyi imtiyazlar və bir sıra önəmli məsələlər barədə təqdimatla çıxış edib.
Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə Tələbə Elmi Cəmiyyətinin fəaliyyət sahələri, sturukturu haqqında məlumat verib, 2024-2025-ci tədris ili üzrə Tələbə Elmi Cəmiyyətinin hesabatını təqdim edib. Bildirib ki, cari dövrdə 1745 tələbə elmi-tədqiqatla məşğul olub, son 5 ilə nəzər saldıqda elmi fəaliyyətlə məşğul olan tələbə sayı 3 dəfə artıb. Sevindirici haldır ki, elmi-tədqiqatla məşğul olan tələbələrin 10%-ə qədəri əcnəbi tələbələrin payına düşür. Həmçinin, Naxçıvan Dövlət Univeristetində
2024-2025-ci tədris ilində 40 nəfərə yaxın magistrantın və 50 nəfərə yaxın bakalavr tələbəsinin məqalə və tezisləri müxtəlif ölkələrin jurnallarında və konfranslarının nəşr toplusunda dərc olunub. Yusif Mirzəzadə TEC-in həyata keçirdiyi tədbirlər haqqında konfrans iştirakçılarına məlumat verib və tələbələrə yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Sonra Hüquqşünaslıq üzrə I kurs tələbəsi Xaliq Orucov “Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin və suverenliyimizin təminatıdır”, Biologiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Həcər Həsənova “Ordubad limonu bitkisinin becərilməsinin aqrotexnologiyası və faydalı xüsusiyyətləri”, Tibb ixtisası üzrə SABAH qrupunun II kurs tələbəsi “Mədə xorası əhali arasında yayılma səviyyəsi və risk faktorlarının analizi” mövzularında elmi-praktiki tədqiqat işlərini nümayiş etdiriblər.
Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Qeyd edək ki, bölmə iclasları 10 fakültədə, 45 panel üzrə keçiriləcək, 1745 tədqiqatçı tərəfindən 1633 tədqiqat üzrə məruzələr təqdim ediləcək.