17–18 iyun tarixlərində Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən IELTS Qeydiyyat və İmtahan Mərkəzində kompüter əsaslı akademik IELTS imtahanı təşkil olunub. İki gün davam edən prosesdə universitetin müəllimləri, tələbələri və orta məktəb şagirdləri daxil olmaqla ümumilikdə 20 nəfər iştirak edib. İlk gün namizədlərin dinləmə, oxu və yazı bacarıqları, növbəti gün isə danışıq bacarıqları qiymətləndirilib. İmtahan suallarının hazırlanması, təşkili və qiymətləndirilməsi Britaniya Şurası tərəfindən həyata keçirilib.
Nəzərə çatdıraq ki, imtahanda iştirak edən müəllim və tələbələr 6.5 və ya daha yüksək bal topladıqda imtahan üçün ödənilmiş vəsait onlara geri qaytarılır.
Qeyd edək ki, 2022-ci ildən fəaliyyət göstərən mərkəz Qeydiyyat və İmtahan Mərkəzi olaraq Azərbaycanda ali təhsil müəssisələri arasında ilk dəfə məhz Naxçıvan Dövlət Universitetində yaradılıb. Mərkəz ingilis dili biliklərinin beynəlxalq meyarlara uyğun qiymətləndirilməsini təmin etməklə yanaşı, iştirakçıları qlobal səviyyədə tanınan sertifikatlarla təmin edir. Bu müddət ərzində 300-ə yaxın müəllim, tələbə və şagird mərkəzdə beynəlxalq imtahan verib.