Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin “Mühasibat və maliyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Teymur Abbasovun müəllifi olduğu “İdarəetmə uçotu və korporativ idarəetmənin əsasları” adlı kitabın təqdimatı olub.
NDU-nun Elmi katibi Orxan Cəfərov bildirib ki, bu dərs vəsaiti ali təhsil müəssisələrinin bakalavr, magistr və doktorant səviyyəsində təhsil alan tələbələr, dissertantlar, eləcə də iqtisadi sahədə fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub. Kitab 4 fəsil və 24 mövzunu əhatə edir.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov çıxışında professor Teymur Abbasovun uzunmüddətli elmi-pedaqoji fəaliyyətinə diqqət çəkib, dərs vəsaitinin “Turizm işinin təşkili” fənni üzrə hazırlandığını vurğulayıb.
“Bələdiyyə və turizm” kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Flora Kərimova, “İqtisadiyyat və marketinq” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Eltun İbrahimov, həmin kafedranın dosenti, iqtisad üzrə fəlsəfə doktoru Havva Adıgözəlova, “Fəlsəfə və sosial iş” kafedrasının fəlsəfə elmləri doktoru Qərib Allahverdiyev və universitetin nəzdində fəaliyyət göstərən Naxçıvan Texniki Kollecin müəllimi Hafiz Yaqubov çıxış edərək dərs vəsaitinin məzmunu, əhəmiyyəti və praktiki faydası barədə fikirlərini bölüşüblər.
Sonda professor Teymur Abbasov göstərilən diqqətə görə təşəkkürünü bildirib.