İyunun 11-də Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində “Xalq çalğı alətləri” kafedrasının təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
Rektor Elbrus İsayev İncəsənət fakültəsinin və universitet nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin müəllimləri tərəfindən təşkil olunan bu kimi mədəni tədbirləri, universitetin məzunlarının iştirakını yüksək dəyərləndirib. Vurğulanıb ki, bu təşkilati işlər akademik fəaliyyətin qiymətləndirilməsinə də müsbət təsir göstərəcək. Eyni zamanda, seçilən tələbələrin Bakıda musiqi sənəti üzrə xüsusi təlimlərə göndəriləcəyi nəzərə tutulub. Rektor Azərbaycanın Xalq artisti, vokal ustadı Samir Cəfərov hazırda fakültənin tələbələrinə ustad dərsi keçməsini xatırladıb, ümumilikdə bütün bunların tələbələrin peşəkar inkişafına mühüm töhfə olduğunu əlavə edib.
Tədbirdə “Mehsa” kamança ifaçıları ansamblı çıxış edib. Konsert proqramında Üzeyir Hacıbəyovun “Cəngi”, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Antonio Vivaldinin “Fırtına” yay fəsli, Səid Rüstəmovun “Qaytağı”, Dimitri Şostakoviçin “Vals №2”, Cahangir Cahangirovun “Koroğlu kinofilmindən Aşıq Cünunun mahnısı və Tofiq Quliyevin “Vals” musiqi nömrələri alqışlarla qarşılanıb.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov tədbirin bədii rəhbəri, kafedranın baş müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Aqib Seyidovun bu təşəbbüsünü təqdirəlayiq adlandırıb, sənətə və mədəni irsə töhfə, gənclər üçün nümunə olduğunu bildiriblər.