NDU ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi arasında əməkdaşlıq istiqamətində ilk görüş keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi ilə Naxçıvan Dövlət Universiteti arasında gələcəkdə perspektivli və səmərəli əməkdaşlıq istiqamətində ilk görüş keçirilib. Görüş çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən Yaradıcı Mərkəz formatının Naxçıvan Dövlət Universitetində qurulması planlaşdırılır.

Bu məqsədlə paytaxtda baş tutan görüşdə Naxçıvan Dövlət Universitetini sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Nicat Yaqubov,  Tələbələrlə iş və tədbirlərin təşkili sektorunun müdiri Hüseyn İmanov təmsil ediblər. Qarşı tərəfdən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin icraçı direktoru Lalə Əhmədova və baş icraçı direktoru Rəşad Cəfərov, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, SUP VC MMC-nin icraçı direktoru Rəşad Eyvazov, layihə meneceri Vüqar Əliyev iştirak ediblər.

Tərəflər arasında keçirilən müzakirələrdə tələbə təşəbbüslərinin dəstəklənməsi, yaradıcı ekosistemin formalaşdırılması və bu sahədə universitet mühitində fəaliyyət imkanlarının genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş nəticəsində universitet daxilində Yaradıcı Mərkəzin yaradılması ilə bağlı ilkin konseptual çərçivə müəyyənləşdirilib və gələcək əməkdaşlıq istiqamətində razılaşmalar əldə olunub.

Qeyd edək ki, bu təşəbbüs regionun yaradıcı potensialının üzə çıxarılmasına, innovativ ideyaların inkişafına və gənclərin mədəni sahələrdə təşəbbüskar fəaliyyətlərinə geniş imkanlar yaradacaqdır.