Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İngilis dili Təmayüllü Gimnaziyada “Son zəng” tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov rektor Elbrus İsayevin adından məzunları, valideynləri və məktəb kollektivini təbrik edib. Nicat Yaqubov bildirib ki, ölkəmizdə prioritet sahələrdən olan təhsilin inkişafına xüsusi önəm verilir. Elə məhz NDU nəzdində İngilis dili təmayüllü Gimnaziya da Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illərə dair sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində açılıb. Prorektor bu il Gimnaziyanın uğurlarından danışaraq bildirib ki, məzunların 34 nəfəri tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 200-dən yuxarı bal toplayaraq 94%-lik nəticə əldə edib. İmtahanlarda qeydə alınan ən yüksək nəticə 290 bal olub. Ümumilikdə 24 şagird tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb. Həmçinin vurğulanıb ki, Gimnaziyada ümumi orta təhsil pilləsi üzrə də uğurlu nəticələr var. 2024-2025-ci tədris ilində keçirilən buraxılış imtahanında Gimnaziyanın şagirdi Rüqayyə Hüseynli maksimum nəticə göstərərək 300 bal toplayıb. Eyni zamanda, ümumi orta təhsil pilləsini başa vuran 61 şagirddən 47-si fərqlənmə attestatına layiq görülüb, 58 şagird isə 200-dən yuxarı nəticə göstərib.
Gimnaziyanın direktoru Nazim Rəhimov rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. Gimnaziyanın bu il tədrisdə uğurları ilə yadda qaldığını bildirib. Vurğulayıb ki, 2024-2025-ci tədris ilində Gimnaziyada 36 şagird məzun olub. Onlardan 14-ü oğlan, 22-si isə qızdır. Nazim Rəhimov bütün məzunları təbrik edərək həm tam orta təhsildə səviyyəsi, həm də ümumi orta təhsil pilləsini başa vuran şagirdlər arasında yüksək nəticə göstərən bütün şagirdlərə diplom təqdim edildiyini əlavə edib. Həmçinin Nazim Rəhimov qeyd edib ki, ümumi orta təhsil pilləsi üzrə keçirilən buraxılış imtahanında ən yüksək -300 bal toplayıb maksimum nəticə göstərən Gimnaziyanın IX sinif şagirdinə pul mükafatı verilib.
Sonra müəllimlər və məzunların valideynləri çıxış edərək məzunları təbrik edib, bundan sonrakı həyatlarında uğurlar arzulayıblar.
Tədbir məzunların ifasında musiqili nömrələr və rəqs kompozisiyaları ilə davam edib. Sonda ənənəvi olaraq son zəng çalınıb və şagirdlər təhsillərinin yeni mərhələsinə doğru yola salınıblar.