NDU-nun nümayəndə heyəti Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

21-22 iyun 2025-ci il tarixlərində Şəki şəhərində Azərbaycanın bədii-ictimai fikir tarixinə silinməz izlər buraxan görkəmli şair və ictimai xadim Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş  “7-ci Beynəlxalq Bəxtiyar Vahabzadə: Türk Dünyası – Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat Konfransı” keçirilib.   

Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil edilən konfransda Azərbaycan və Türkiyənin çoxsaylı ali təhsil müəssisələri, elmi tədqiqat institutlarının tədqiqatçı alimləri iştirak ediblər.

Konfrans Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı, eləcə də bir sıra elm və təhsil müəssisələrinin tərəfdaşlığı ilə baş tutub. Tədbirdə Naxçıvan Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru, “Azərbaycan dilçiliyi”, “Azərbaycan ədəbiyyatı”, “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedralarının müdirləri və bir neçə əməkdaşından ibarət nümayəndə heyəti iştirak edib.

Konfransın açılışında Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, NDU-nun fəxri professoru Mahirə Nağıqızı, Şəki Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Xəyalə Töhrablı, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, NDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov, eləcə də ADPU-nun Şəki və Quba filiallarının direktorları və digər elm-təhsil müəssisələrinin nümayəndələri çıxış ediblər.

Naxçıvan Dövlət Universitetinin prorektoru Elsevər Əsədov qeyd edib ki, milli ədəbi fikir xəzinəsinə dəyərli töhfələr vermiş böyük söz ustadı Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbirlər universitetdə hər zaman diqqət mərkəzində saxlanılır. Bildirib ki, indiyədək bu mövzuya dair dəyirmi masalar, elmi seminarlar, şeir müsabiqələri və digər tədbirlər keçirilib. Prorektor vurğulayıb ki, Bəxtiyar Vahabzadənin bədii irsi və ictimai-siyasi fəaliyyəti ilə bağlı aid kafedralarda tədqiqatlar aparılıb, nəticələr nəşr olunub və Tələbə Elmi Cəmiyyəti xətti ilə tələbələr bu istiqamətdə elmi fəaliyyət göstəriblər.

Sonra 11 ölkədən 200-dən çox tədqiqatçının qatıldığı konfrans öz işini üz-üzə və onlayn formatda bölmə iclasları ilə davam etdirib.