Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi İnci Qənbərovanın “Zərif iz” adlı ilk fərdi sərgisi keçirilib. Eyni zamanda tələbə-rəssamın universitetin nəzdində fəaliyyət göstərən Gimnaziyada təcrübə müddətində şagirdlərlə birgə hazırladığı və şagird yaradıcılığına həsr olunmuş sərgi də təqdim olunub.
Sərgidə ümumilikdə 80-ə yaxın əl işi nümayiş edilib.
NDU nəzdindəki Gimnaziyada təşkil olunan sərgidə ali təhsil müəssisəsinin müəllim və tələbələri, Gimnaziyanın pedaqoji heyəti və şagirdləri, eləcə də qonaqlar iştirak ediblər.
Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov belə təşəbbüsləri təqdirəlayiq hesab edib və universitetdə tələbələrin uğurlarına daim önəm verildiyini vurğulayıb. Prorektor sərgilərin istedadlı gənclərin bacarıqlarının nümayişi və təşviqi baxımından əhəmiyyətli olduğunu qeyd edib, təcrübə müddətini səmərəli keçirdiyinə görə gənc rəssama təşəkkürünü bildirib və ona yaradıcılıq uğurları arzulayıb. Prorektor tələbə-rəssamın əsərləri ilə yaxından tanış olub və onun yaradıcılığı ilə maraqlanıb.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov gənc rəssamın istedadından bəhs edib, sərginin əhəmiyyətini və əsərlərdəki rəng duyumu, fərdi yanaşma, müxtəlif texnikalarda imza atmaq bacarığını xüsusi vurğulayıb. Sərgidə İnci Qənbərovaya məxsus portret, süjetli-tematik və mənzərə janrlarında işlənmiş 30 rəsm əsəri və 10-dan çox dekorativ-tətbiqi sənət nümunəsindən bəhs edib.
Gimnaziyanın direktoru Nazim Rəhimov şagirdlərlə birgə ərsəyə gətirilən ümumilikdə 40-a yaxın dekorativ-tətbiqi sənət nümunəsi və əl işlərindən ibarət sərgini şagird yaradıcılığının bariz nümunəsi kimi dəyərləndirib.
Universitetin Təsviri incəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Siddiqə Hacıyeva bildirib ki, İnci Qəmbərova təcrübə çərçivəsində keçirdiyi sərgidə pedaqoji səriştələrini layiqincə nümayiş etdirərək ixtisası şagirdlərə sevdirib və onların yaradıcılıq xüsusiyyətlərin ortaya çıxarılmasına nail olub.
Həmin kafedranın baş müəllimi, təcrübə rəhbəri Əzizə Məmmədova da sərgi ilə bağlı fikirlərini bölüşüb. Sərgi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Sonda gənc rəssam İnci Qənbərova ilk fərdi sərgisinin təşkilinə verdiyi dəstəyə görə universitet rəhbərliyinə və bütün iştirakçılara minnətdarlıq edib.