NDU-nun Tibb fakültəsində yekun dövlət attestasiyası keçirilir

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində “Müalicə işi”, “Tibbi profilaktika”, “Stomatologiya” və “Əczaçılıq” ixtisasları üzrə normativdən artıq təhsil alan tələbələr üçün yekun dövlət attestasiyası davam edir.

Attestasiya Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin iştirakı ilə həyata keçirilir. “Müalicə işi”, “Tibbi profilaktika”, “Stomatologiya” və “Əczaçılıq” ixtisasları üzrə Yekun Dövlət Attestasiyası Komissiyasının sədri Azərbaycan Tibb Universitetinin Klinik Allerqologiya və İmmunologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva, “Stomatologiya” ixtisası üzrə isə komissiya sədri Azərbaycan Tibb Universitetinin Ağız və Üz-Çənə Cərrahiyyəsi kafedrasının müdiri, tibb elmləri doktoru, professor Çingiz Rəhimovdur. Ümumilikdə attestasiyanın təşkili üçün 17 komissiya üzvü təyin edilib.

Yekun dövlət attestasiyasında “Müalicə işi” ixtisası üzrə 58, “Tibbi profilaktika” üzrə 19, “Stomatologiya” üzrə 12, “Əczaçılıq” üzrə 2 tələbə iştirak edir. İmtahanlar müasir tədris avadanlıqları ilə təchiz edilmiş otaqlarda yazılı və şifahi formada, habelə əyani vəsaitlər üzərində simulyasiya nümayişləri ilə təşkil olunur.

Komissiya üzvləri tərəfindən verilən sualları cavablandıran tələbələr yekun dövlət attestasiyasından uğurla keçmiş hesab edilirlər. Həmçinin tələbələrin gələcək karyera planları müzakirə olunur, onlara ixtisas istiqamətləri üzrə tövsiyələr verilir. Qeyd edək ki, iştirak edən tələbələrin əksəriyyəti yüksək nəticələr göstərirlər.

Məlumat üçün bildirək ki, yekun dövlət attestasiyası iyunun 30-dək davam edəcək.