“Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli NDU-da müəllim və tələbələrlə görüşüb

Tədbiri Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov giriş sözü ilə açaraq “Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri  Mürvət Həsənlinin fəaliyyəti və tədbirin mahiyyəti haqqında iştirakçılara məlumat verib.

Azərbaycanda tanınmış iş adamlarından biri olan Mürvət Həsənli  ali təhsil ocağında müəllim və tələbələrlə görüşdən məmnunluq ifadə edib, təcrübələrini bölüşüb. Uğurlu fəaliyyətin təməlində düzgün formalaşdırılmış insan resursları durduğunu vurğulayan  Mürvət Həsənli “komandada kadrlar gücləndikcə, idarəetmədə də sabitlik və rahatlıq yaranır” fikri ilə çıxışına davam edib.  Naxçıvan Dövlət Universitetində son dövrlər gedən sürətli inkişafdan söz açıb, bunun tək  müasir maddi-texniki baza ilə deyil, eyni zamanda ixtisaslı və peşəkar kadr heyətinin sayəsində qazanıldığını diqqətə çatdırıb.  

İctimai Birliyin sədri Mürvət Həsənli 250-ə yaxın ixtisasda kadr hazırlığı aparan ali təhsil ocağının fəaliyyətini yüksək dəyərləndirib. Eyni zamanda universitet ilə əməkdaşlığı gücləndirmək, Baytarlıq təbabəti ixtisasının tələbələrinin İctimai Birlikdə təcrübə keçmələrinə kömək etmək, işlə təminatlarına dəstək olmaq təkliflərini bildirib.

Görüş diskusiya şəklində davam edib, sonda müəllim və tələbələri maraqlandıran sullar səsləndirilib və əhatəli cavablar verilib.