
Tədbir Milli Abilimpiya Federasiyası, Sosial Xidmətlər Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov qonaqları və iştirakçıları salamlayaraq belə tədbirlərin əhəmiyyətini və fiziki məhdudiyyətli şəxslərin NDU-nun hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb.
Daha sonra Milli Abilimpiya Federasiyasının Prezidenti İlqar Rəhimov yarışın əsas məqsədinin əlilliyi olan şəxslərin bacarıqlarının üzə çıxarılması, onların ictimai fəallığının artırılması və inklüziv cəmiyyət quruculuğuna dəstək vermək olduğunu qeyd edib. Bu sahədə Milli Abilimpiya Federasiyasının gördüyü işlərdən danışıb.
Ardınca Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədri vəzifəsini icra edən Naib Əlizadə əlilliyi olan şəxslərin öz peşə bacarıqlarını inkişaf etdirməklə məşğulluq və özünüməşğulluq proqlamlarında iştirakının önəmini qeyd edib.
Çempionatda fortepiano, tar, saz, nağara, qarmon alətlərində ifa, xanəndəlik, toxuluculuq və dərzilik də daxil olmaqla 7 peşə sahəsi üzrə 42 abilimpiyaçı iştirak edib.
Daha sonra Milli Abilimpiya Federasiyasının aparıcı mütəxəssisi İlham Məhərrəmov “Abilimpiya hərəkatı” mövzusunda məlumatlandırıcı çıxış edib.
Ardınca toxuculuq və dərzilik peşə sahələri üzrə təqdim edilən əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qeyd edək ki, NDU-nun müəllim kollektivindən ibarət olan münsiflər heyətinin sədri Azərbaycan Respublikasının Əməkdar artisti Vüqar Camalzadə idi.
Sonda iştirakçılar arasında qaliblər müəyyən olunaraq mükafatlandırma mərasimi keçirilib, xatirə şəkli çəkdirilib.

