Naxçıvan Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin (TEC) yeni loqotipi və tec.ndu.edu.az veb-saytının təqdimatı keçirilib. Yeni platforma TEC və İnformasiya Texnologiyaları şöbəsi tərəfindən birgə hazırlanıb.
Elm və innovasiya məsələləri üzrə prorektor Elsevər Əsədov çıxışında bildirib ki, TEC tələbələrin tədqiqat bacarıqlarının inkişafına xidmət edən mühüm təşkilatdır. Qeyd edib ki, 56 ildir fəaliyyət göstərən qurum son illərdə yeniliklərlə daha da təkmilləşib. Prorektor vurğulayıb ki, ötən tədris ilində elmi-tədqiqatla məşğul olan tələbələrin payı 20 faizdən çox olub və bu il göstəricinin daha da artacağı gözlənilir. Elsevər Əsədov yeni loqotip və veb-saytın tələbələrin elmi fəaliyyətini stimullaşdıracağını deyib.
İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli universitetdə rəqəmsallaşma prosesinin genişləndiyini diqqətə çatdırıb. Bildirib ki, cari il ərzində bir neçə yeni sayt istifadəyə verilib, 2026-cı ildə isə bütün fakültələr üçün ayrıca saytlar hazırlanacaq. TEC-in yeni veb-saytına xüsusi server sahəsi ayrılıb və platforma tələbələrin elmi işlərini vahid mərkəzdən idarə etməsinə imkan yaradacaq. Qeyd edib ki, sayt məqalə və yazıların universitet rəhbərliyinə elektron təqdimatını da asanlaşdıracaq.
Tədbirdə həmçinin yeni loqotipin simvollarını izah edən videoçarx nümayiş olunub.
TEC sədri Yusif Mirzəzadə çıxışında bildirib ki, təşkilat 5 sosial şəbəkədə aktiv fəaliyyət göstərir və yeni sayt TEC-in bütün mexanizmlərini bir platformada birləşdirir. Saytda institusional quruluş, məqalə qəbulu, tələbə kabinetləri və elmi-tədqiqat işləri daxil olmaqla 10 bölmə mövcuddur. Əlavə edib ki, kafedraların sənədləri elektron qaydada təqdim edə bilməsi üçün xüsusi bölmə yaradılıb. Yusif Mirzəzadə həmçinin hazırlıq prosesinə töhfə verənlərə, o cümlədən NDU nəzdindəki İngilis dilli Gimnaziyanın şagirdi Hüseyn Tahirova təşəkkür edib.
Fəxriyyə Səyyadova
NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı