Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyənin Bayburt şəhərində keçirilən 30-cu Beynəlxalq Dədə Qorqud Elm, Mədəniyyət və İdman Şölənində uğurla iştirak edərək Azərbaycan milli-mədəni irsini beynəlxalq auditoriyaya təqdim ediblər.
Festivalın açılış mərasimi Bayburt Şəhər İdman Salonunda keçirilib. Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Bayburt Universitetinin rektoru, şəhər rəhbərliyi və rəsmi şəxslər iştirak ediblər. Naxçıvan Dövlət Universitetinin Saz çalanlar ansamblı Türkiyə–Azərbaycan qardaşlığını tərənnüm edən musiqi nömrələri, Yallı qrupu isə “Köçəri” yallısı ilə çıxış edərək tamaşaçıların böyük rəğbətini qazanıb.
Festival çərçivəsində iştirakçı ölkələrin nümayəndələri Bayburt valisi, bələdiyyə başçısı və Bayburt Universitetinin rektoru ilə görüşüblər. Görüşlər zamanı qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Həmçinin festival iştirakçıları arasında keçirilən boulinq yarışında Naxçıvan Dövlət Universitetinin komandası II yerə layiq görülüb.
Konsert proqramları çərçivəsində universitetin Yallı qrupu “Söylə”, “Ağbaba” və “Tənzərə” yallılarını, saz ifaçıları isə “Naxçivani”, “Şəşəngi” və digər aşıq havalarını təqdim ediblər. NDU kollektivlərinin çıxışları festival iştirakçıları və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Festival proqramına Bayburt sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxış, Dədə Qorqud Şəhər Muzeyinə ekskursiya və Dəmirözü Su Anbarına təşkil olunan gəzinti də daxil olub.
Şölənin bağlanış mərasimində Naxçıvan Dövlət Universitetinə iştirak sertifikatı, kollektiv üzvlərinə isə fərdi sertifikatlar təqdim edilib. Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.




