Mayın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə XI siniflər üçün ödənişsiz əsaslarla ali məktəblərə qəbul imtahanının II mərhələsinin blok fənləri üzrə monitorinq qiymətləndirmə imtahanı keçirilib.
İmtahan Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında imzalanan əməkdaşlıq memorandumu əsasında təşkil olunub.
İmtahanda Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin XI sinif şagirdləri iştirak edib. İştirakçıların imtahan atmosferinə psixoloji cəhətdən uyğunlaşmasına, həm də mövcud bilik səviyyələrini müəyyənləşdirərək gələcək qəbul imtahanlarına daha hazırlıqlı və inamlı şəkildə qatılmalarına şərait yaradıb.
Əvvəlcə abituriyentlər Naxçıvan Dövlət Universiteti kampusunu gəzərək fakültələrlə tanış olublar. Şagirdlərə ali təhsil müəssisəsindəki tədris prosesi, universitetin maddi texniki bazası, ikili diplom proqramları, beynəlxalq əməkdaşlıqları ilə bağlı ətraflı məlumatlar verilib.
Monitorinq qiymətləndirmə imtahanında Naxçıvan şəhərinin ümumtəhsil məktəblərindən I qrup üzrə 269, II qrup üzrə 404, III qrup üzrə 251 və IV qrup üzrə 94 nəfər olmaqla, ümumilikdə, 1000-dən artıq abituriyent iştirak edib.
Sınağın təşkilinə universitet əməkdaşları və könüllülərin iştirakı ilə 24 imtahan zalı üzrə 70-ə yaxın imtahan rəhbəri cəlb olunub. İmtahan prosesinin şəffaf və nizamlı şəkildə keçirilməsi üçün zallarda müvafiq nəzarət işləri həyata keçirilib.




