Naxçıvan Dövlət Universitetində beynəlxalq akkreditasiya məqsədilə onlayn seminarlar keçirilir

Naxçıvan Dövlət Universiteti beynəlxalq tədris standartlarına uyğunluğun təmin olunması və keyfiyyətin artırılması məqsədilə beynəlxalq akkreditasiya prosesinə start verib. Bu məqsədlə Qazaxıstanın müstəqil akkreditasiya və reytinq agentliyi olan IAAR (Independent Agency for Accreditation and Rating) ilə razılıq əldə olunub.

Razılaşmaya əsasən, 7-8 oktyabr 2025-ci il tarixlərində bakalavr pilləsinin tədrisi ingilis dilində olan Beynəlxalq münasibətlər və İqtisadiyyat ixtisasları üzrə IAAR şirkətinin ekspertləri tərəfindən hər gün dörd saat olmaqla ümumilikdə səkkiz saatlıq onlayn seminarlar təşkil edilib. Seminarlar zamanı beynəlxalq akkreditasiya meyarları, təhsil proqramlarının uyğunluğu və keyfiyyət göstəriciləri müzakirə olunub.

Bundan əlavə, növbəti həftə ərzində universitetin ingilis dilli Tibb ixtisasının beynəlxalq akkreditasiyası ilə bağlı iki günlük seminarın keçirilməsi nəzərdə tutulur.

Bu proses Naxçıvan Dövlət Universitetinin beynəlmiləlləşmə strategiyasının bir hissəsi olaraq, tədris proqramlarının beynəlxalq standartlara uyğunluğunu artırmaq məqsədi daşıyır.

 

Badəm Əliyeva

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı