Naxçıvan Dövlət Universitetində 44 günlük Vətən müharibəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin 5 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Universitetində vətən uğrunda canından keçmiş şəhidlərimizə həsr olunmuş kitabların təqdimatı keçirilib. Tədbirdə şəhidlərin ailə üzvləri, yaxın qohumları və döyüş yoldaşları da iştirak ediblər.

Öncə ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin Elmi Kitabxanasının direktoru Xumar Məmmədova tədbir haqqında məlumat verərək, qeyd edib ki, görüş AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlunun “Yarımçıq qalmış roman” və Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, Naxçıvan Televiziyasının redaktoru, şair-publisist Təranə Arifqızının “Dünya boyda ölümsüzlük” kitablarının təqdimatına həsr olunub.

Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov çıxış edərək vurğulayıb ki, Vətən müharibəsində əldə olunmuş tarixi qələbə Azərbaycan xalqının birliyinin, ordumuzun gücünün və şəhidlərimizin qəhrəmanlığının bariz təcəssümüdür. Ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının 5-ci, müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun isə 30-cu ildönümü ərəfəsində gənc nəslin dövlətə sadiq, milli ideologiyaya bağlı, vətənpərvər olaraq yetişməsində belə tədbirlərin təşkili olduqca önəmlidir. Naxçıvan Dövlət Universitetində vətənpərvərlik mövzusu daim diqqətdə saxlanılır, şəhid ailələri və qazilərlə görüşlər keçirilir, ədəbi-bədii tədbirlər və kitab təqdimatları mütəmadi xarakter daşıyır. Universitetdə məzun şəhidlərin adını daşıyan, onların xatirələrini yaşadan auditoriyalar yaradılıb, fakültələrdə şəhidlərimiz haqqında məlumatların, fotoların yer aldığı bölmələr təşkil olunub. Artıq üç ildir ki, hər semestrin ilk dərsini şəhid ailələri və qazilər keçir, qəhrəman oğulların şücaəti və döyüş yolu gənc nəslə aşılanır. Bu gün təqdimatı baş tutan kitablar da gənc vətən oğullarını tanımaq və onların xatirəsini gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri Şəhla Şirəliyeva qeyd edib ki, Elxan Yurdoğlunun “Yarımçıq qalmış roman” kitabı 2020-ci il oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan leytenant Nicat Məmmədliyə həsr olunub. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə şəhid Nicat Məmmədli ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Şəhla Şirəliyeva kitab haqqında təəssüratlarını bölüşərək bildirib ki, əsərdə şəhidin ailə üzvləri, yaxın qohumları, döyüş yoldaşları və onu tanıyanların xatirələri toplanıb, qəhrəmanın qısa, lakin mənalı ömrü dolğun şəkildə təsvir olunub.

Həmin kafedranın müəllimi Gülay Tahirli bildirib ki, Təranə Arifqızının “Dünya boyda ölümsüzlük” kitabı Vətən müharibəsinin ilk günlərində Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Raqib Hüseynova həsr olunub. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Raqib Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Kitabda qəhrəman şəhidin döyüş və həyat yolunu əks etdirən təsirli şeirlər, fotolar və məlumatlar yer alır.

Sonda müəlliflər çıxış edərək diqqətə görə minnətdarlıqlarını bildiriblər və gələcəkdə də qəhrəman şəhidlər haqqında kitablar yazmağa davam edəcəklərini vurğulayıblar.

Fəxriyyə Səyyadova

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı