Naxçıvan Dövlət Universitetində doktorantlarla görüş keçirilib

Oktyabrın 28-də universitetin fəlsəfə və elmlər doktoru proqramı üzrə təhsilalan doktorant və dissertantlar ilə görüş olub. Görüşdə universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov çıxış edərək bildirib ki, ali təhsil müəssisəsinin elm strategiyasında akademik göstəricilərin yüksəldilməsi və beynəlxalq elmi mühitdə mövqelərin möhkəmləndirilməsi əsas məqsədlər sırasında yer alır. Elsevər Əsədov elmi fəaliyyətdə qarşıya qoyulan tələblər, çatışmayan tərəflər və onların həlli yollarından bəhs edib. Prorektor qeyd edib ki, elmi-tədqiqat işlərində aktivliyin artırılması, mövzuların dövrün tələblərinə uyğun seçilməsi və nüfuzlu beynəlxalq jurnallarda məqalələrin dərc olunması mühüm əhəmiyyət daşıyır.

Elsevər Əsədov Web of Science və Scopus beynəlxalq elmi bazalarında məqalələrin nəşri və istinadların artırılmasının vacibliyinə toxunub. Vurğulayıb ki, nüfuzlu jurnallarda dərc olunan məqalələr tədqiqatçının akademik fəaliyyətinin genişlənməsinə, elmi göstəricisinin yüksəlməsinə və ümumilikdə ölkənin elmi nüfuzunun artmasına xidmət edir.

Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev 2025-ci il üzrə universitetdə doktorant və dissertantların statistik göstəriciləri barədə məlumat verib. Bildirib ki, hazırda fəlsəfə doktoru proqramı üzrə 34 ixtisasda 62 doktorant, elmlər doktoru proqramı üzrə 6 ixtisasda 9 doktorant, fəlsəfə doktoru proqramı üzrə 10 ixtisasda 10 dissertant, elmlər doktoru proqramı üzrə isə 13 ixtisasda 15 dissertant təhsil alır. Çapay Quliyev elmi rəhbərlərlə işin təşkili, tədris müddətində nəzərdə tutulan işlərin icrası və doktorantların elmi məsuliyyətləri barədə danışıb.

Görüş interaktiv müzakirə şəraitində keçib, doktorantların sualları cavablandırılıb.

Sonda universitetin Elmi Kitabxanasının elektronlaşma üzrə mütəxəssisi Şəhriyar Quliyev NDU-nun üzv olduğu Taylor & Francis, Clarivate ProQuest və EBSCO Information Services beynəlxalq elektron elmi bazaları haqqında məlumat verib. Təqdimatda universitetin müəllim və tələbə heyətinin ödənişsiz yararlana biləcəyi beynəlxalq elektron elmi bazaların geniş imkanlarını diqqətə çatdırıb.

Fəxriyyə Səyyadova

Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı