Naxçıvan Dövlət Universitetində əməkdar müəllimə ehtiram göstərilib

09.12.2025

Naxçıvan Dövlət Universitetində əməkdar müəllimə ehtiram göstərilib

Naxçıvan Dövlət Universitetində uzun illər elmi-pedaqoji fəaliyyət göstərmiş Tarix-filologiya fakültəsinin “Ümumi tarix” kafedrasının dosenti Ələkbər Cabbarlının təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Tədbiri universitetin rektoru Elbrus İsayev açaraq ali təhsil müəssisəsinin inkişafında xidmətləri olan müəllimin əməyindən danışıb.Rektor çıxışında vurğulayıb ki, bu gün universitetdə formalaşan elmi və pedaqoji mühitin əsasını məhz bu nəsil müəllimlər qoyub. Onların bilik və təcrübəsi universitetin kadr potensialının gücləndirilməsində mühüm rol oynayıb. Elbrus İsayev təqaüdə yola salınan müəllimi səmimi qəlbdən təbrik edərək göstərdiyi xidmətlərə görə minnətdarlığını bildirib.

Görüşdə çıxış edən Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov, fakültənin professor və dosentləri müəllimlə bağlı xatirələrini bölüşüblər. Onlar pedaqoqun uzunmüddətli və şərəfli elmi-pedaqoji fəaliyyətindən, eyni zamanda, universitetin elmi mühitinə qazandırdığı töhfələrdən danışıblar. Çıxışlarda müəllimin keçdiyi həyat yolunun nəsillərə örnək olduğu xüsusi vurğulanıb.

Çıxışlar və xoş sözlər qarşısında duyğulandığını, hər kəsin qəlbində xoş izlər qoyduğu üçün qürurlu və sevincli olduğunu bildirən tarixçi sonda fikrini Dostoyevskinin "Heyifsənmə ki, qocalırsan, əsl faciə bədənin deyil, ruhun qocalmasıdır" sözləri ilə yekunlaşdırıb.

Sonda təqaüdə yola salınan müəllimə rektor tərəfindən NDU-nun fəxri fərmanı, hədiyyə və mükafat təqdim olunub. Kollektiv tərəfindən gül dəstələri verilib, xatirə fotosu çəkdirilib.