Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

11.12.2025

Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü” adlı tədbir təşkil olunub.

Əvvəlcə universitetin Elmi Kitabxanasında “Heydər Əliyev -  ürəklərdə əbədi yaşayan dahi şəxsiyyət” adlı kitab sərgisinə baxış keçirilib. İki bölmədən ibarət olan sərginin birinci hissəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, jurnallar, konfrans materialları, miniatür nəşrlər, ikinci hissəsində isə müxtəlif qəzet materialları nümayiş etdirilib.

Sərgidə “Heydər Əliyev dövlətçilik təliminin işıqları” və digər mötəbər jurnallar, həmçinin “Heydər Əliyev siyasi tarixdə və günümüzdə”, “Zamanı qabaqlayan dahi”, “Heydər Əliyevin dövlətçilik və hüquq təlimi”, “Zamanın və milli yaddaşın təntənəsi”, “Azərbaycan tarixində Heydər Əliyev mərhələsi”, “Əbədiyyət günəşi” adlı kitablar yer alıb. Bununla yanaşı, “Heydər Əliyev - 100” münasibətilə Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalının xüsusi buraxılışı, “Xalq”, “Şərq qapısı”, “İki sahil”, “Azərbaycan” qəzetlərinin materialları və NDU-nun “Yeni fikir” qəzeti sərgidə təqdim olunub. Eyni zamanda universitet əməkdaşlarının müəllifi olduğu kitablar və məqalələr də sərgi ekspozisiyasına daxil edilib.

Tədbir İncəsənət fakültəsində davam etdirilib. Burada müəllim və tələbələrin Ümummilli Liderin xatirəsinə həsr olunmuş 50-dən artıq rəngkarlıq, dekorativ-tətbiqi sənət və heykəltəraşlıq nümunələrindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb.Rektor vurğulayıb ki, Ümummilli Lider ölkəyə rəhbərlik etdiyi dövrlərdə dövlətçilik tariximizdə silinməz izlər qoymuşdur. Onun həyata keçirdiyi strateji siyasət bu gün də ölkəmizin inkişaf istiqamətinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar Ümummilli Liderin uzaqgörən siyasətinin davamıdır.

Naxçıvan Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Əziz Qasımov çıxışında Heydər Əliyevin qlobal miqyaslı siyasi lider kimi ölkəmizi müxtəlif tarixi mərhələlərdə uğurla idarə etdiyini qeyd edib. O bildirib ki, dahi liderin müdrikliyi, milli maraqlara sadiqliyi və siyasi iradəsi Azərbaycan xalqının yaddaşında daim ehtiramla xatırlanır.

Tarix-filologiya fakültəsinin “Tarix” ixtisası üzrə IV kurs tələbəsi Əziz Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyev irsinin gənclər tərəfindən böyük fəxarət hissi ilə yaşadıldığını vurğulayıb. O, bu istiqamətdə Naxçıvan Dövlət Universitetində aparılan fəaliyyətlərin gənclərin formalaşması və gələcək karyeraları üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Tədbirin sonunda 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş videoçarx nümayiş olunub.

 

Aidə İbrahimova

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı